Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov Baltikyanı ölkələr və Finlandiya ilə diplomatik münasibətlərin kəsilməsini təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Life.ru” nəşri məlumat yayıb.
Deputat bildirib ki, Rusiyanın ərazisinə yönələn dronların Helsinki, Tallin və ya Riqa şəhərlərində yerləşən müəssisələrdə istehsal olunduğu ehtimal edilir. Onun sözlərinə görə, bu ölkələr Moskvaya qarşı düşmən mövqe sərgilədiyindən münasibətlərin də ona uyğun qurulması vacibdir.
“Tarixi təcrübə göstərir ki, bu cür kiçik dövlətlər yalnız güc dilini anlayır. Onlar müstəqilliyi Rusiyanın sayəsində əldə ediblər. Belə ölkələrlə başqa cür danışmaq mümkün deyil”, – deputat vurğulayıb.
Xatırladaq ki, 1 iyuldan etibarən Rusiya–Finlandiya, Rusiya–Estoniya və Rusiya–Latviya sərhədlərində yerləşən yeddi dəmir yolu keçid məntəqəsində hərəkət dayandırılıb.
Əliyar Xəlil