Obama hərəkətə keçib: Tramp əleyhinə koalisiya yaradılır

ABŞ-ın keçmiş prezidenti Barak Obama eks-prezident Donald Trampın ölkədə hakimiyyətə qayıdışı ehtimalından narahatdır. Buna görə Co Baydeni seçki kampaniyasını gücləndirməyə çağırıb. Obama və Bayden birbaşa olaraq seçki kampaniyasının yenidən qurulmasının zəruriliyini müzakirə ediblər.

Qeyd edək ki, Obama və Bayden Demokratlar Partiyasını, Tramp isə Respublikaçılar Partiyasını təmsil edir.

Maraqlıdır, Co Bayden prezidentliyə namizəd olacaq? Barak Obamanın Baydenə dəstəyi onu yenidən prezident kürsüsünə əyləşməsinə kömək edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Barak Obama iki dönəm ABŞ-a rəhbərlik edib:

“O, həmin dövrdə hazırkı dövlət başçısı Co Baydenlə birlikdə işləyib. Bu mənada tərəflər arasında yaxşı əlaqələr var. Barak Obama bir demokrat kimi Baydenin hakimiyyətini qorumasında maraqlıdır. Bu perspektiv Obamanın özü üçün də yeni imkanlar yarada bilər.

Trump: "Bayden çox yaşlı deyil, çox bacarıqsızdır"

Məlum olduğu kimi, ABŞ-da prezidentliyə iki əsas namizəd var: respublikaçı Tramp və demokrat Bayden. Hər iki tərəfin kifayət qədər tərəfdarı var. Zənnimcə, Baydenin reytinqi getdikcə azalır. Hazırkı prezident Co Baydenin xarici siyasətdə bəzi uğursuzluqları, habelə radikal addımları mövcud iqtidara qarşı narazılıqları artırır. Əlbəttə, Baydenin reytinqinin azalmasında onun yaşının, tez-tez yıxılmasının, çıxışları zamanı çaşmasının, unutqanlığının da müəyyən rolu var. Tamamilə sürpriz bir şəxsin seçkilərdə qalib gəlməsi də mümkündür”.

Kənan Novruzova görə, nəticə təkcə seçki kampaniyasından yox, həm də “böyük şahmat taxtasında” baş verənlərdən asılıdır:

“Ukrayna və Yaxın Şərqdəki müharibənin gedişi, həmçinin Rusiya və Türkiyə ilə münasibətlərin hansı templə inkişaf etməsi seçkilərin nəticəsinə təsir edə bilər”.

Turan Rzayev
Globalinfo.az