Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi ictimai müzakirələrə səbəb olub. Hadisə ilə bağlı artıq cinayət işi açılıb. Belə ki, qrafitti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Bu hadisə cəmiyyətdə yeniyetmələrin davranışına nəzarət və ailə tərbiyəsi mövzusunu yenidən gündəmə gətirib.
Bu kimi halların baş verməməsi üçün valideynlər övladlarının davranışına hansı formada nəzarət etməlidirlər? Uşaq və yeniyetmələrə vətənpərvərlik, ictimai mülkiyyətə hörmət hissini necə aşılamaq olar?
Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova deyib ki, valideyn nəzarəti və düzgün tərbiyə məsələsi bu kimi hallarda olduqca vacibdir:
“Yeniyetməlik dövrü emosional və davranış baxımından həssas mərhələdir. Bu dövrdə uşaqların özünüifadə ehtiyacı artır, riskli davranışlara meyl güclənir və bəzən sosial məsuliyyət hissi yetərincə formalaşmamış olur. Valideyn nəzarəti yalnız qadağalar qoymaq demək deyil. Ən effektiv nəzarət üsulu uşaqlarla açıq və etibarlı ünsiyyət qurmaqdır. Valideynlər övladlarının kimlərlə ünsiyyətdə olduğunu, boş vaxtlarını necə keçirdiyini, maraq dairəsini bilməlidirlər. Eyni zamanda, uşaqlara güvənmək, onları dinləmək və fikirlərinə hörmətlə yanaşmaq vacibdir. Çünki güvən mühiti olan ailədə böyüyən uşaqlar riskli davranışlardan daha uzaq olurlar”.
Zeynəb Əyyubova
Psixoloq bildirib ki, uşaqlara ictimai mülkiyyətin hamıya aid olduğu və ona zərər vurmağın cəmiyyətə zərər vermək demək olduğu izah edilməlidir:
“Valideynlər uşaqları ilə birlikdə şəhərdə gəzərkən, ictimai yerlərə hörmət mövzusunda real nümunələr göstərməli, izah etməlidirlər. Eyni zamanda, məktəb və ailə birgə tərbiyə modelində çalışmalıdır. Vətənpərvərlik yalnız sözlə deyil, davranışla öyrədilir. Uşaqları tarixi məkanlara aparmaq, milli bayramlarda iştirak etmək, ölkənin tarixi və mədəniyyəti haqqında məlumat vermək çox vacibdir. Bundan əlavə, uşaqlara yaşadıqları şəhərin, küçənin, parkın qorunmasının da vətənə sevginin bir hissəsi olduğu izah edilməlidir. Sevgi, diqqət və düzgün yönləndirmə olan ailələrdə böyüyən uşaqlar ictimai mülkiyyətə daha həssas yanaşır, məsuliyyətli və vətənpərvər vətəndaş kimi formalaşırlar. Unutmayaq ki, sağlam cəmiyyət sağlam ailədən başlayır”.
Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası bir sıra şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Ləman İmran
Globalinfo.az