erdogan kollaj

Türkiyə–Azərbaycan münasibətlərindəki soyuqluq, təəssüf ki, davam edir. Vəziyyəti daha da narahatedici edən isə AKP hakimiyyətinə yaxın media orqanlarının və sosial şəbəkələrdəki troll hesablarının Azərbaycan əleyhinə yalan, böhtan və qarayaxma kampaniyalarını davam etdirməsidir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri də gərginliyi azaltmadı.

Əslində, Ankara ilə Bakı arasında problemin həlli ilk baxışdan sadə görünür. Lakin Türkiyədəki bəzi siyasi dairələrin ambisiyaları və Azərbaycanın müstəqil mövqeyinə münasibəti məsələni mürəkkəbləşdirir.

Azərbaycan nə istəyir?

Bakı Türkiyəni özünün strateji müttəfiqi, dostu və qardaşı hesab edir. Azərbaycanın bu mövqeyi dəyişməyib. Ancaq qardaşlıq, dostluq və müttəfiqlik heç kimə, hətta Türkiyəyə belə Azərbaycanın qərarlarını sorğulamaq, daxili işlərinə müdaxilə etmək və ya milli maraqlarına uyğun seçimlərinə təzyiq göstərmək hüququ vermir.

Türkiyə Azərbaycanı, onun siyasi həssaslığını və müstəqilliyə verdiyi əhəmiyyəti digər ölkələrdən daha yaxşı tanımalıdır. Buna görə də Ankara Azərbaycanın hansısa təzyiqə, haqsız münasibətə və ya öz suverenliyinə toxunan davranışa səssiz qalacağını gözləməməli idi. Təəssüf ki, bəzi siyasi dairələrin davranışları elə təəssürat yaradır ki, sanki Azərbaycan müstəqil qərarlar verən müttəfiq deyil, Türkiyənin regional siyasətinə uyğunlaşmalı olan tərəfdir.

Fikrimcə, problemin ideoloji təməlində Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə Türkiyənin daxili və xarici siyasətində daha qabarıq görünən neo-osmanlıçı düşüncə dayanır.

Neo-osmanlıçılıq ən sadə formada Türkiyənin Osmanlı imperiyasından miras qalan tarixi, mədəni, dini və coğrafi əlaqələrini müasir dövlətin siyasi təsir imkanlarına çevirməsini nəzərdə tutan ideoloji və geosiyasi yanaşmadır.

Müşahidələrə görə, neo-osmanlıçılığın Türkiyə siyasətində ilk ciddi təzahürləri Turqut Özalın fəaliyyəti ilə, nəzəri və strateji çərçivəsinin formalaşması isə Əhməd Davudoğlunun adı ilə bağlıdır. Lakin Neo-osmanlıçılığın siyasi sistemdə daha geniş yer tutması, Osmanlı irsinin daxili siyasi kimliklə və regional güc iddiası ilə birləşdirilməsi Rəcəb Tayyib Ərdoğan və AKP hakimiyyəti dövründə daha aydın görünməyə başladı.

Əslində T.Özalın yanaşması əsasən Türkiyənin iqtisadi və diplomatik imkanlarını genişləndirməyə yönəlmişdi. O, ölkənin yalnız Qərbə istiqamətlənmiş dövlət kimi çıxış etməsini deyil, Yaxın Şərq, Balkanlar, Qafqaz və Mərkəzi Asiya ilə tarixi, mədəni və iqtisadi əlaqələrindən də yararlanmasını vacib sayırdı. Özal üçün Osmanlı irsi imperiyanın sərhədlərini bərpa etmək vasitəsi deyil, Türkiyənin regional təsirini artırmağa kömək edə biləcək siyasi və iqtisadi resurs idi.

Ə.Davudoğlu isə bu yanaşmaya daha geniş geosiyasi çərçivə verdi. Onun strateji dərinlik konsepsiyasına görə, Türkiyənin gücü yalnız hərbi imkanları və coğrafi mövqeyi ilə məhdudlaşmırdı. Tarixi keçmiş, mədəni əlaqələr və müxtəlif regionlarla eyni vaxtda münasibət qurmaq potensialı da ölkənin strateji imkanlarının mühüm hissəsi hesab olunurdu. Beləliklə, Osmanlı irsi ayrı-ayrı diplomatik əlaqələrin mənbəyindən çıxaraq Türkiyənin regional və beynəlxalq rolunu əsaslandıran daha geniş konsepsiyanın tərkib hissəsinə çevrildi.

Ancaq nə Özalın iqtisadi-diplomatik yanaşması, nə də Davudoğlunun geosiyasi konsepsiyası Ərdoğan dövründəki siyasi xətlə eyni deyil. Daha doğrusu Ərdoğan neo-osmanlıçı düşüncəyə daha geniş siyasi məzmun verdi. Belə ki, o, Osmanlı keçmişini Türkiyənin milli kimliyinin, hakimiyyətin siyasi ritorikasının və regional güc iddiasının görünən elementinə çevirdi.

Ərdoğan nəyi dəyişdi?

Ərdoğan hakimiyyətinin siyasətini üç əsas istiqamətdə izah etmək olar.

Birincisi, Osmanlı keçmişi dövlətin siyasi və ictimai diskursunda daha mərkəzi yer tutmağa başladı. Ərtoğrul Qazi, Osman Qazi, Orxan Qazi, Fateh Sultan Mehmed, Yavuz Sultan Səlim, Qanuni Sultan Süleyman və II Əbdülhəmid kimi tarixi şəxsiyyətlər daha geniş auditoriyaya təqdim olundu. “Diriliş: Ertuğrul” və “Payitaht: Abdülhamid” kimi seriallar Osmanlı tarixini milyonlarla insanın gündəlik həyatına daxil etdi.

Tarixi abidələrin bərpası, fəthlərin yubileyləri və Osmanlı irsinin xaricdə təbliği də bu prosesin tərkib hissəsinə çevrildi.

Bu siyasətin Azərbaycan cəmiyyətinə təsiri də az olmadı. Türkiyə istehsalı olan tarixi seriallar və siyasi-mədəni məzmunlu layihələr Azərbaycan ailələrinin evlərinə daxil oldu, ictimai təsəvvürlərə təsir göstərdi.

turkiye

Qeyd edim ki, Osmanlı tarixinə marağın artması özlüyündə problem deyil. Problem həmin məzmunun Türkiyənin siyasi liderlik obrazını daşıyan ideoloji çərçivəyə çevrilməsi və Azərbaycan cəmiyyətində Türkiyəyə münasibətin tədricən emosional bağlılıq üzərindən formalaşdırılması ehtimalıdır.

İkincisi, AKP hakimiyyəti Türkiyənin daxili siyasətində dini-mühafizəkar kimliyin mövqeyini gücləndirdi. Dini təhsil imkanlarının genişləndirilməsi, dini simvolların ictimai görünürlüyünün artması və əvvəlki dünyəvilik məhdudiyyətlərinin bir qisminin yumşaldılması dindar-mühafizəkar təbəqələrin ictimai həyatda daha geniş təmsil olunmasına şərait yaratdı. Bununla yanaşı, dini icmalar, camaatlar və təriqətlər Türkiyənin ictimai-siyasi həyatında mühüm sosial şəbəkələr olaraq qalmaqda davam etdi.

Bu məqam çox mühümdür. Çünki həmin dini çevrələrin siyasi və ictimai təsir imkanları olduqca genişdir. Misal üçün Türkiyədə 2016-cı il dövlət çevrilişinə cəhdindən sonra FETÖ ilə mübarizə dini şəbəkələrin dövlət və siyasətlə münasibətini daha həssas məsələyə çevirdi.

Hakimiyyət dini-mühafizəkar çevrələrlə münasibətlərini siyasi sədaqət, ictimai təsir və dövlət nəzarəti halında balanslaşdırdı.

Üçüncüsü, Türkiyənin xarici siyasəti daha iddialı regional xəttə yönəldi. Ankara Balkanlarda, Yaxın Şərqdə, Qafqazda və Afrikada diplomatik, iqtisadi, humanitar və hərbi vasitələrlə təsirini genişləndirməyə çalışdı. Davudoğlunun xarici işlər naziri olduğu dövrdə bu fəallıq tarixi və mədəni əlaqələri geosiyasi üstünlüyə çevirmək ideyası ilə əsaslandırılırdı. Düzdür “Ərəb baharı”, Suriya vətəndaş müharibəsi və Misirdə Məhəmməd Mursi hakimiyyətinin devrilməsi Türkiyənin regional planlarının ciddi maneələrlə üzləşdirsə də Ankara qısa zamanda durumu toparlamağı bacardı. Suriya vətəndaş müharibəsində Ankara dəstəkli hakimiyyətin qalib gəlməsi, Liviyada Türkiyənin təsirin artması və s. kimi hadisələr neo-osmanlı yanaşmanın adaptasiya bacarığını göstərdi.

Bəs bu ideologiyanın Azərbaycan-Türkiyə münasibətlərinə nə dəxli var?

Fikrimcə, əsas problem məhz Türkiyənin regional liderlik iddiası ilə Azərbaycanın müstəqil siyasi iradəsi arasındakı mümkün ziddiyyətdədir.

Ankara üçün Azərbaycan Cənubi Qafqazda mühüm strateji tərəfdaş, enerji və nəqliyyat layihələrində əsas müttəfiq, türk dünyası siyasətində isə vacib ölkədir. Lakin Türkiyənin regional strategiyasında Azərbaycanın əhəmiyyətli yer tutması Bakının Ankara qarşısında siyasi öhdəliklərini qeyd-şərtsiz genişləndirməsi demək deyil. Azərbaycan Türkiyənin təsir dairəsinin bir hissəsi də deyil. Azərbaycan öz milli maraqları, təhlükəsizlik prioritetləri və müstəqil qərarları olan dövlətdir.

Mənə görə neo-osmanlıçı yanaşmanın problemli tərəfi də budur. Əgər Türkiyənin regional liderlik iddiası tərəfdaşlarının onun siyasi xəttinə uyğunlaşmasını gözləməsinə gətirib çıxarırsa, bu, bərabərhüquqlu müttəfiqlik anlayışı ilə ziddiyyət təşkil edir. Tarixi qardaşlıq siyasi itaət anlamına gəlmir. Ortaq dil, din, mədəniyyət və tarix heç bir dövlətə digərinin daxili işlərinə qarışmaq və ya onun müstəqil seçimlərini sorğulamaq hüququ vermir.

Azərbaycan Türkiyə ilə münasibətlərində məhz bu sərhədin qorunmasında maraqlıdır. Bakı Ankara ilə müttəfiqliyi davam etdirmək, strateji əməkdaşlığı genişləndirmək və ortaq maraqları müdafiə etmək istəyir. Ancaq bunu öz suverenliyindən imtina etmədən, Türkiyənin bütün siyasi qərarlarını avtomatik dəstəkləmək öhdəliyi götürmədən etmək istəyir. Bu, Türkiyəyə qarşı mövqe deyil, müstəqil dövlət olmağın təbii tələbidir.

Ankara anlamalıdır ki, Azərbaycan onun regional ambisiyalarının aləti deyil və olmayacaq. Bakı Türkiyə ilə münasibətlərini qorumaqla yanaşı, öz milli maraqlarını müdafiə etmək hüququnu da özündə saxlayacaq. Bu mövqeyi Türkiyəyə qarşı çıxış kimi təqdim etmək isə problemin mahiyyətini qəsdən və ya yanlış olaraq təhrif etməkdir.

Azərbaycan özünün güclü ordusu, şəffaf diplomatiyası və iqtisadi müstəqilliyi olan suveren subyektdir. Bakı heç bir ölkənin “Neo-Osmanizm” xəyallarının Qafqazdakı forpostu ola bilməz.

turan rzayev 1 900x720 1 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: