Ukrayna və ABŞ arasında yaxın günlərdə görüş keçirilməsi müzakirə olunur. Kiyev və Vaşinqton Vladimir Putini dayandırmaq və müharibənin başa çatdırılması istiqamətində dialoqu davam etdirmək niyyətindədir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı bildirib.
Zelenskinin sözlərinə görə, Ukraynanın danışıqlar qrupunun və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşnerlə telefonla danışıb. Tərəflər görüşün təşkili ilə bağlı müzakirələr aparıblar.
Ukrayna prezidenti özü də görüşdə iştirak etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ tərəfi daha əvvəl Brüsseldə sphbət etmək imkanı tapa bilməsə də, tərəflərin bu həftə görüş keçirmək üçün uyğun vaxt və format müəyyənləşdirəcəyinə ümid var.
“Biz dialoqun davam etdirilməsini və ən azı enerji sahəsində atəşkəsə nail olmaq üçün addımlar atılmasını dəstəkləyirik. Ən yaxşısı isə bu müharibəni tamamilə dayandırmaqdır. Bunun üçün nədənsə başlamaq lazımdır. Ən azı görüşmək lazımdır və belə təmaslar planlaşdırılır”, – deyə Zelenski vurğulayıb.
Xarici işlər naziri Andrey Sibiqa isə Kiyevin Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqlar formatının bərpasında maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna müharibənin başa çatdırılmasına yönələn diplomatik səylərin davamlılığını və dinamizmini qorumağa çalışır.
Əliyar Xəlil