Bərdə Rayon Mərkəzi Xəstəxanasında huşsuz pasiyentə qarşı zorakılıq göstərdiyi üçün işdən çıxarılan sanitar qadının sonrakı davranışı ilə bağlı yeni təfərrüat məlum olub.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, əmək müqaviləsinə xitam verildikdən sonra sanitar qadın xəstəxanaya gedib və sirkə içərək intihara cəhd edib.
Pasiyenti döydüyü üçün işdən çıxarılmasına etiraz edən sanitar qadının uşaqlarının ac qalacağını iddia etdiyi üçün şantaj xarakterli bu addımı atdığı qeyd olunub.
Xatırladaq ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında II Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadın stasionar müalicədə olan, köməksiz və huşsuz vəziyyətdəki 70 yaşlı kişi pasiyentə qarşı fiziki zorakılığa yol verib.
X X X
Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib.
Globalinfo.az bildirir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb.
Bildirilib ki, hadisədən əvvəl 70 yaşlı kişi pasiyent huşsuz vəziyyətdə olarkən altını batırıb. Buna hiddətlənən qadın isə köməksiz vəziyyətdə olan pasiyenti nalayiq ifadələrlə təhqir edib və fiziki şiddət göstərib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparılan araşdırma zamanı II Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadının stasionar müalicədə olan, köməksiz və huşsuz vəziyyətdəki pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib:
“Faktla bağlı müəssisənin Tibbi Şurasında iclas keçirilib. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, habelə əvvəlki intizam tənbehləri nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 07.10.2026-cı il tarixindən xitam verilib”
Məlumat üçün qeyd edək ki, sözügedən hadisənin videogörüntüsü və müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Bərdə Rayon Prokurorluğuna təqdim olunub.