Bakı Expo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un təşkilatçılığı ilə “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” davam edir.
Globalinfo.az xəbər verir ki, Azərbaycan və Özbəkistan sahibkarlarını bir araya gətirən biznes klubu və platforması olan “Networkstan” da sərgidə təmsil olunan şirkətlər sırasında yer alır.
“Networkstan”ın icraçı direktoru Vüqar Mirzəyev bildirib ki, platformanın əsas məqsədi sahibkarlar arasında etibarlı işgüzar əlaqələrin qurulmasına, yeni tərəfdaşlıqların formalaşmasına və beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə dəstək verməkdir.
Şirkət sahibkarlara etibarlı tərəfdaşlar tapmaqda, işgüzar əlaqələr qurmaqda və yeni bazarlara çıxmaqda dəstək göstərir. Platforma həmçinin biznes görüşləri və sərgilər təşkil edir, sahibkarlara konsultasiya xidmətləri təqdim edir.
Qeyd edək ki, 4 gün davam edəcək sərgidə qida, informasiya kommunikasiya texnologiyaları, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirir.
Sərginin keçirilməsində məqsəd Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı,faydalı əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir.