“Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri və səfər zamanı verdiyi müsahibə muxtar respublikanın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin yalnız sosial-iqtisadi xarakter daşımadığını, daha geniş geosiyasi və geoiqtisadi strategiyanın tərkib hissəsi olduğunu göstərən mühüm mesajdır”.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, səfərin gündəliyində təhlükəsizlik, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, turizm və idarəetmə məsələlərinin paralel şəkildə yer alması Naxçıvanın qarşıdakı mərhələdə Azərbaycanın regional siyasətində daha mühüm mövqeyə hazırlanmasının bariz nümunəsidir:
“Şübhəsiz ki, bu strategiyanın mərkəzində Zəngəzur bağlantısı dayanır. Cənab Prezidentin açıqlamalarından görünür ki, Azərbaycan dəhlizin açılmasını gözləyən tərəf kimi deyil, onun fəaliyyətinə əvvəlcədən hazırlaşan dövlət kimi çıxış edir. Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, tamamlanması, dəmir yolunun Ermənistan sərhədinə doğru irəliləməsi, Naxçıvan dəmir yolunun yenidən qurulması və onun yükötürmə qabiliyyətinin 15 milyon tona çatdırılmasının planlaşdırılması bunun göstəricisidir. Başqa sözlə, Azərbaycan Zəngəzur dəhlizinin yalnız ideyasını deyil, onun iqtisadi və infrastruktur bazasını da formalaşdırır. Ancaq burada əsas məsələ təkcə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirmək deyil. Dövlət başçımızın müsahibəsində Naxçıvanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin potensial kəsişmə nöqtəsi kimi təqdim olunması layihənin daha geniş strateji mahiyyətini ortaya qoyur”.
Politoloq deyib ki, Zəngəzur bağlantısının reallaşması Naxçıvanı Türkiyə, Azərbaycan, İran və daha geniş Avrasiya məkanı arasında yeni logistika xəttinin mühüm halqasına çevirə bilər:
“Beləliklə, Naxçıvan coğrafi təcrid vəziyyətindən çıxaraq regional bağlantıların üstünlüyünə əsaslanan yeni geoiqtisadi mövqe qazanmış olacaq. Prezidentin açıqlamalarında enerji məsələsinin xüsusi yer tutması da təsadüfi deyil. 300 meqavatlıq istilik elektrik stansiyasının tikintisi, yeni Günəş və su elektrik stansiyaları, enerji saxlanc sistemlərinin yaradılması və Günəş enerjisi istehsalının yüzlərlə meqavat həcmində artırılması Naxçıvanın yalnız enerji təhlükəsizliyinə deyil, enerji ixracına hazırlanmasından xəbər verir. Bu, regionun gələcək iqtisadi modelində mühüm dəyişiklik olaraq qiymətləndirilə bilər. Belə ki, Naxçıvan enerji istehlakçısından enerji istehsalçısı və potensial ixracatçısına çevrilir. Daha mühüm məqam isə Zəngəzur bağlantısının enerji komponentinin də nəzərdə tutulmasıdır. Azərbaycan artıq Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi üçün layihə hazırlayıb, Cəbrayılda isə bu sistem üçün mühüm yarımstansiya yaradılıb. Deməli, gələcək bağlantılar yalnız avtomobil və dəmir yolu ilə məhdudlaşmaya bilər”.
Aytən Qurbanova
A.Qurbanova qeyd edib ki, fiber-optik rabitə, elektrik enerjisi və perspektivdə digər kommunikasiya xətlərinin eyni marşrut üzrə formalaşdırılması Zəngəzuru çoxfunksiyalı regional bağlantı sisteminə çevirə bilər:
“Naxçıvan Sənaye Parkının yaradılması, kənd təsərrüfatı və suvarma layihələrinin genişləndirilməsi, turizm infrastrukturunun inkişaf etdirilməsi isə dəhlizin yaratdığı imkanların region daxilində iqtisadi dəyərə çevrilməsinə hesablanıb. Çünki tranzit marşrutunun əhəmiyyəti yalnız yüklərin ərazidən keçirilməsində deyil, həmin axınların ətrafında sənaye, logistika, xidmət və turizm sektorlarının formalaşmasındadır. Bütün bunların fonunda təhlükəsizlik məsələsinin prioritet kimi müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Naxçıvanın Azərbaycanın əsas hissəsindən coğrafi ayrılığı onun müdafiə imkanlarının daim yüksək səviyyədə saxlanılmasını tələb edir. Əlahiddə Ordunun gücləndirilməsi və müasir hərbi imkanların artırılması göstərir ki, Azərbaycan Naxçıvanın artan geoiqtisadi əhəmiyyətini onun təhlükəsizlik təminatı ilə paralel şəkildə nəzərdən keçirir. Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyasına daxil edilməsi də bu strategiyanın mühüm hissəsidir. Zəngilanla Ordubad arasındakı coğrafi yaxınlıq gələcəkdə bu ərazilərin nəqliyyat, enerji, iqtisadi və turizm əlaqələrinin daha sıx qurulmasına imkan yaradır. Xüsusi idarəetmə modelinin Naxçıvanda tətbiqi isə regional layihələrin daha çevik və koordinasiyalı həyata keçirilməsinə hesablanıb. Beləliklə, Prezident İlham Əliyevin Naxçıvana səfərini yalnız növbəti inkişaf proqramlarının təqdimatı kimi qiymətləndirmək düzgün olmaz. Səfər Naxçıvanın yeni geosiyasi reallıqlara hazırlanmasının siyasi konturlarını açıq şəkildə nümayiş etdirdi. Azərbaycan Naxçıvanı Zəngəzur dəhlizinin açılmasını gözləyən region kimi deyil, həmin dəhlizin açılacağı günə artıq hazır olan strateji mərkəz kimi formalaşdırır. Bu strategiyanın son məqsədi isə təbii ki, yalnız Azərbaycanla Naxçıvan arasında quru bağlantısını bərpa etmək deyil. Əsas məqsəd Naxçıvanı Türkiyə və İran istiqamətləri ilə əlaqələndirən, Şərq–Qərb və Şimal–Cənub marşrutlarını tamamlayan, enerji və logistika axınlarının kəsişdiyi, sənaye və xidmət sektorlarının inkişaf etdiyi regional geoiqtisadi qovşağa çevirməkdir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Naxçıvanın gələcək rolu Azərbaycanın yeni regional nizamında mühüm strateji üstünlüklərdən birinə çevrilə bilər”.
Turan Rzayev
Globalinfo.az