Prezident Eliyev Eliyeva

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvana səfər ediblər. Ölkə başçısı və birinci xanım Naxçıvanda bir sıra mühüm layihələrlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak ediblər. Prezidentin Naxçıvana səfər çərçivəsində verdiyi geniş müsahibə isə xüsusilə diqqət çəkir.

Müsahibədə ilk məqam Naxçıvanın inkişafının təhlükəsizlik məsələsindən başladılmasıdır. Naxçıvanın coğrafi xüsusiyyətləri onu Azərbaycanın digər ərazilərindən fərqləndirir və Prezident də bunu xüsusi vurğulayır. Əlahiddə Ordunun yaradılması, hərbi potensialın gücləndirilməsi, müasir texnika və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın təhlükəsizlik arxitekturasının ayrıca prioritet kimi nəzərdən keçirildiyini göstərir.

Naxçıvanla bağlı əsas plan

Prezident enerji təhlükəsizliyini fiziki təhlükəsizlikdən sonra ikinci mühüm amil kimi xarakterizə edib. Bu, Naxçıvanla bağlı strategiyanın əsas xüsusiyyətlərindən birini ortaya qoyur. Naxçıvanın enerji təminatı artıq yalnız daxili tələbatın ödənilməsi məsələsi kimi təqdim edilmir. Prezidentin sözlərindən aydın olur ki, əsas məqsəd enerji təhlükəsizliyini tam təmin etdikdən sonra Naxçıvanı enerji ixrac edən məkana çevirməkdir.

Bu baxımdan 300 meqavatlıq istilik elektrik stansiyasının tikintisi, 50 meqavatlıq Günəş elektrik stansiyaları, yeni su elektrik stansiyaları, daha böyük Günəş enerjisi layihələri və batareya saxlanc sistemlərinin yaradılması vahid zəncir təşkil edir.

Prezidentin təqdim etdiyi rəqəmlər bu ambisiyanın miqyasını göstərir. Naxçıvanda mövcud generasiya gücünün təxminən 200 meqavat olduğunu bildirən Prezident gələcəkdə yalnız Günəş enerjisi hesabına ən azı 500, hətta 1000 meqavatlıq potensialdan danışır. Burada söhbət sadəcə əlavə elektrik istehsalından getmir. Məsələnin ikinci tərəfi bu enerjinin xarici bazarlara çıxarılmasıdır.

Bu yanaşmanın daha geniş tərəfi isə Naxçıvanın Azərbaycanın ümumi enerji ixrac strategiyasına daxil edilməsidir. Prezident Naxçıvandan Türkiyəyə, İrana və perspektivdə Avropaya enerji ixracını mümkün istiqamətlər kimi göstərir. Burdan çıxan nəticə budur ki, Naxçıvanın coğrafi təcrid xüsusiyyəti müəyyən mənada iqtisadi üstünlüyə çevrilməyə çalışılır.

Zəngəzur dəhlizi

Müsahibənin ən geniş və siyasi-strateji baxımdan ən əhəmiyyətli hissəsi, şübhəsiz, Zəngəzur dəhlizi ilə bağlıdır. Prezidentin təqdim etdiyi mənzərədə Zəngəzur dəhlizi yalnız bir dəmir yolu və ya avtomobil yolu layihəsi deyil. Əksinə, o, gələcəkdə nəqliyyat, enerji, fiber-optik kommunikasiya və mümkün digər infrastruktur xətlərinin keçəcəyi çoxfunksiyalı regional bağlantı kimi nəzərdən keçirilir.

Prezidentin fikrincə, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin bərpası muxtar respublikanın iqtisadi potensialını köklü şəkildə dəyişə bilər. Bu zaman Naxçıvan sadəcə son nöqtə deyil, böyük nəqliyyat marşrutlarının üzərində yerləşən tranzit mərkəzə çevrilir.

Burada 15 milyon tonluq yükötürmə qabiliyyəti məsələsi xüsusilə diqqət çəkir. Hazırkı dəmir yolunun təxminən 1,5 milyon ton yükötürmə qabiliyyətindən danışan Prezident gələcəkdə bunun 15 milyon tona çatdırılmasının hədəf olduğunu bildirir. Bu, sadəcə dəmir yolunun bərpası deyil, tamamilə başqa miqyasda logistika sisteminin qurulması deməkdir.

Ən mühüm məsələ isə vaxt faktorudur. Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycan öz hissəsində işləri Ermənistan ərazisindəki proseslərə bağlamamalıdır. Yəni Azərbaycanın yanaşması ondan ibarətdir ki, öz üzərinə düşən infrastruktur işləri əvvəlcədən və mümkün qədər sürətlə həyata keçirilməlidir. Başqa cür desək Azərbaycan öz ərazisindəki hazırlığı başa çatdırmaqla gələcək regional bağlantının texniki və iqtisadi bazasını əvvəlcədən formalaşdırmağa çalışır.

Müsahibənin ən mühüm və gələcək üçün nəticələri baxımından ən diqqətçəkən hissələrindən biri idarəetmə məsələsidir. Prezident Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan Prezidentin xüsusi nümayəndəliyi modelinin Naxçıvanda da tətbiq olunduğunu bildirir və bunu struktur islahatlarının tərkib hissəsi kimi təqdim edir.

Naxçıvanın statusu qalır

Burada mühüm məqam Naxçıvanın muxtar respublika statusunun saxlanılmasının ayrıca vurğulanmasıdır. Yəni Prezidentin təqdim etdiyi yanaşmada söhbət muxtariyyət statusunun dəyişdirilməsindən deyil, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsindən gedir.

Prezidentin “idarəetmə qaydaları təkmilləşməlidir” fikri də bu baxımdan əsas tezislərdən biridir. Burada məqsəd yalnız yeni layihələr həyata keçirmək deyil, həmin layihələrin icrasını daha çevik və mərkəzləşdirilmiş koordinasiya mexanizmləri ilə təmin etməkdir.

Prezidentin qeyd etdiyi yeni modeldə Naxçıvan təhlükəsizlik baxımından möhkəmləndirilmiş, enerji baxımından özünü təmin edən və gələcəkdə ixrac edən, nəqliyyat baxımından Azərbaycanı Türkiyə və İranla daha sıx birləşdirən, sənaye və logistika baxımından yeni iqtisadi funksiyalar qazanan, turizm və kənd təsərrüfatı potensialını genişləndirən, idarəetmə baxımından isə daha çevik mexanizmlərlə idarə olunan regional mərkəz kimi təsəvvür edilir.

Bunun həyata keçməsi isə ilk növbədə dəhliz layihələrinin vaxtında reallaşmasından, infrastruktur layihələrinin ardıcıl icrasından, xarici və yerli investisiyaların cəlb edilməsindən və yeni idarəetmə mexanizmlərinin real nəticələr verməsindən asılı olacaq.

Prezidentin təqdim etdiyi strategiyanın əsas fərqi də məhz buradadır. Naxçıvanın gələcəyi əvvəlki kimi Azərbaycanın əsas hissəsindən fiziki ayrılığın yaratdığı çərçivə ilə izah edilmir. Əksinə, həmin coğrafi mövqe qarşıdakı mərhələdə Naxçıvanı Azərbaycanın regional bağlantılar sistemində mühüm qovşaqlardan birinə çevirməli olan əsas üstünlüklərdən biri kimi təqdim olunur.

turan rzayev 1 900x720 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: