Globalinfo.az Türkiyədə İran Araşdırmaları Mərkəzinin (İRAM) tədqiqatçısı Oral Toğa ilə müsahibəni təqdim edir:
– Beynəlxalq ictimaiyyətin diqqəti 19 iyunda İsveçrədə keçiriləcək ABŞ və İran arasında hərbi əməliyyatların daimi dayandırılmasını, sanksiyaların ləğvini və dəniz blokadasının qaldırılmasını nəzərdə tutan tarixi sülh sazişinin rəsmi imzalanma mərasiminə yönəlib. Oral bəy, İran və ABŞ arasında tam razılaşma əldə olunacağını söyləmək olarmı? İranın nüvə proqramından, uranın zənginləşdirilməsindən tam imtina etməsi mümkün görünmür. Tərəflər belə desək, hansı həddə qədər qarşılıqlı güzəştə hazırdırlar?
– Əvvəlcə onu qeyd etmək lazımdır ki, 15 iyunda imzalanan mətn yekun razılaşma deyil. Bu, anlaşma memorandumudur və əsas məsələni, yəni nüvə proqramı və zənginləşdirməni sonrakı 60 günlük danışıqlar üçün təxirə salır. Buna görə də, İranın zənginləşdirmədən tamamilə imtina etdiyi “tam razılaşma”dan danışmaq mümkün deyil. Trampın İrana aşağı səviyyəli zənginləşdirməyə icazə veriləcəyi barədə açıqlaması da bunu təsdiqləyir. Masadakı formul sıfır zənginləşdirmə deyil, nəzarət altında məhdud mülki zənginləşdirmədir. Güzəştlər ikitərəflidir. ABŞ sanksiyaları qaldırır, dondurulmuş vəsaitləri azad edir və Hörmüz boğazını açır, İran isə zənginləşdirməyə moratorium tətbiqi və silah istehsal etməmək öhdəliyini üzərinə görürür. Lakin əsas məsələlər həll olunmadığı üçün əlimizdə olan sadəcə bir çərçivə sənədidir. Bundan əlavə, Tramp yekun razılaşma əldə edilmədiyi təqdirdə hərbi hücumları yenidən başlatmaq təhdidini əlində saxlayır. 300 milyon dollarlıq (İrana ödəniş, -red.) iddia isə təsdiqlənməmiş bir detaldır və mənzərənin mahiyyətini dəyişdirmir.
– Netanyahu İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini söylədi. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə bildirib ki, Trampın razılaşması onlar üçün məcburi deyil. Əldə olunan razılaşmaya əsasən isə əgər İranda və ya müqavimət cəbhəsində, o cümlədən Livanda hər hansı hərbi əməliyyat baş verərsə, yekun razılaşma üçün heç bir danışıq aparılmayacaq və razılaşmanın icrası (o cümlədən Hörmüz boğazının açılması) 13-cü maddəyə əsasən dayandırılacaq. O zaman müharibənin bitdiyini söyləmək olmaz. Trampın addımı müvəqqəti xarakter daşımaqla aralıq seçkilərinə görədir, yoxsa İsrail İranla mübarizəni artıq bundan sonra təkbaşına aparacaq?
– Xeyr, müharibənin bitdiyini deyə bilmərik. Saziş İran və Livan cəbhələrini bir-biri ilə əlaqələndirir və əməliyyat baş verərsə, onun icrasını dayandırır, lakin İsrail özünü bu mətnlə bağlı hesab etmir. Ben-Qvir və Bezalel Smotriç (İsrailin maliyyə naziri, -red) sazişi “təhlükəli” hesab edərək İsrailin qeyri-məcburi mövqeyini açıq şəkildə elan etdilər, Netanyahu isə birbaşa münaqişədən yayındı. Onu da əlavə etmək lazımdır ki, saziş İsrailin müharibədə məqsədlərinə çatmadan əl-qolunu bağlayır. Trampın bu addımı daxili siyasət və enerji bazarlarının sakitləşdirilməsi ilə bağlı narahatlıqlardan irəli gəlir. Beyruta zərbə endirilməsini tənqid etməsi və Netanyahudan narazılığı bunu göstərir. Bir sözlə, İsrailin kənarda qaldığı atəşkəs arxitekturası ortaya çıxır. Buradakı əsl risk İsrailin Hizbullahı aradan qaldırmağa və rejimi zəiflətməyə yönəlmiş təkbaşına aparacağı kampaniya ilə sazişi pozmasıdır. Bir sözlə, Vaşinqton diplomatiya, İsrail hərbi təzyiq yolunu seçib; biz iki relsli dilemma ilə qarşılaşırıq.
Oral Toğa
– Müharibə nəticəsində İranın regional aktor mövqeyini itirdiyini söyləmək olarmı? Regionun post-müharibə dövründə dəyişəcək geosiyasi mənzərəsini necə təsvir edərdiniz? İran dövlətinin taleyi necə olacaq? Ölkə daxilində hansı dəyişikliklər gözlənilir?
– Bütövlükdə, İran regional nizam yaradan aktyor kimi mövqeyini itirib. Onun inkişaf etmiş müdafiə modeli köhnəlib. Əsəd getdi, “Hizbullah” zəifləyib və müharibə isə onun hərbi kövrəkliyini üzə çıxarıb. 28 fevralda Xameneinin öldürülməsindən sonra 40-dan çox məmurun ölümü ilə misli görünməmiş liderlik böhranı yaşanır və Müvəqqəti Liderlik Şurası fəaliyyət göstərir. Bu, iqtisadi çöküş və elita daxilində fraksiya daxili mübarizə ilə müşayiət olunur. Yeni mənzərə ABŞ mərkəzli dəhliz və normallaşma arxitekturası, Körfəzin artan təsiri və Türkiyə ilə İsrailin iddialı aktorlara çevrilməsi ilə xarakterizə olunur. Bu kontekstdə İran içinə qapanan, müdafiə meylli dövlətə çevrilir. Qısa müddətdə xarici təzyiq elit birliyini qoruyacaq, lakin bu birlik şərti xarakter daşıyır və böhran azaldıqca basdırılmış rəqabət yenidən ortaya çıxacaq. Buna görə də, ölkə daxilində gözlənilən şey islahat deyil, hərbi-təhlükəsizlik konsolidasiyasıdır.
– Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasından sonra İranın Cənubi Qafqaz siyasətində Azərbaycana qarşı mövqeyi dəyişəcəkmi? Azərbaycan və Türkiyənin bölgədə yaratdığı yeni geosiyasi reallığı qəbul edə biləcəkmi?
– Bu suala birtərəfli qalib-məğlub nöqteyi-nəzərindən baxılmamalıdır. Ermənistan–Azərbaycan sülh prosesi və Zəngəzur marşrutu regional əlaqəni artıran və ticarəti və sabitliyi gücləndirmək potensialına malik bir prosesdir. Bu, Azərbaycan və Türkiyə üçün qanuni və uzunmüddətli qazancdır. İranın tərəddüdləri öz təhlükəsizlik çərçivəsi daxilində başadüşüləndir. Tehran şimal sərhədində nəqliyyat və qüvvələr nisbətindəki dəyişikliyi və bölgədə xarici aktorların çəkisinin artmasını itki kimi görür. Buna görə də, məsələ bir tərəfin digərini “qəzəbləndirməsi” deyil, eyni coğrafi ərazidə üç paytaxtın fərqli prioritetlərini uzlaşdırmaqdan ibarətdir. İranın bu yeni reallığı rədd etmək qabiliyyəti yoxdur. Müharibədən sonra zəifləməsi və sərt mövqedən daha ehtiyatlı mövqeyə keçməsi bunu göstərir. Gözlənilən odur ki, Tehran marşrutla bağlı narahatlıqlarını diplomatiya yolu ilə ifadə etməyə, ərazisindən keçən Araz boru kəməri kimi alternativləri təşviq etməyə və regional formatlarda iştirak etməyə çalışmağa davam edəcək. Azərbaycanla münasibətlər isə sürtünmə potensialına malik, lakin hər iki tərəfin qarşılıqlı maraqlar səbəbindən idarə etməyə üstünlük verəcəyi praqmatik təməl üzərində qurula bilər. Türkiyənin burada oynaya biləcəyi konstruktiv rol, bu tarazlığı münaqişədən əməkdaşlığa doğru dəyişdirərək körpü rolunu oynamaqdır.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul