WhatsApp Image 2026 02 25 at 10.24.51

“Dövlət suverenliyi milli iradənin hüquqi hakimiyyətə və ölkənin bütün ərazisində vahid idarəetməyə çevrilməsidir. Azərbaycan üçün 20 Sentyabr bu anlayışın tarixi ifadəsidir”.

Bu sözləri Globalinfo.az-a deputat Rövşən Muradov deyib.

O bildirib ki, 2023-cü ilin həmin günündə konstitusiya quruluşuna maneə yaradan qanunsuz silahlı strukturlar aradan qaldırılıb:

“Dövlət Suverenliyi Günü Azərbaycan əsgərinin rəşadətini, şəhidlərimizin xatirəsini, qazilərimizin mərdliyini və xalqımızın birliyini yaşadır. Müstəqilliyini bərpa edən Azərbaycan işğal, məcburi köçkünlük və ağır təhlükəsizlik sınaqları ilə üzləşib. Ermənistanın təcavüzü yaşayış məntəqələrinin dağıdılması, tarixi-mədəni irsin məhv edilməsi və sərvətlərin qanunsuz istismarı ilə müşayiət olunub. Beynəlxalq qərarların icrasız qaldığı şəraitdə Azərbaycan dövlət institutlarını və iqtisadiyyatını möhkəmləndirib, qüdrətli ordu yaradıb. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsi milli məqsədlərin gerçəkləşməsi üçün möhkəm əsas formalaşdırıb”.

rovsen muradov deputat

Rövşən Muradov

Deputat qeyd edib ki, 2020-ci il Vətən müharibəsində qazanılmış qələbə ərazi bütövlüyünün bərpasında həlledici dönüş oldu:

“Laçın yolu üzərində sərhəd-buraxılış məntəqəsinin qurulması dövlət sərhədinə nəzarəti təmin edib. 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri qanunsuz silahlı birləşmələrin tərksilahı və separatçı idarəetmənin ləğvi ilə yekunlaşıb. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi Qarabağın bütün yaşayış məntəqələrində bərqərar edilib, dövlət bayrağımız suveren hakimiyyətimizin rəmzi kimi ucaldılıb. Tam suverenliyin bərpası azad ərazilərdə quruculuğu və Böyük Qayıdışı yeni mərhələyə yüksəldib. Şəhər və kəndlərin yenidən salınması, müasir sosial və mühəndis infrastrukturunun yaradılması dövlət siyasətinin insan amilinə əsaslandığını göstərir. Azərbaycan hərbi-siyasi qələbəsini sülh, qarşılıqlı suverenliyə hörmət və regional əməkdaşlıq təşəbbüsləri ilə uzunmüddətli sabitliyə çevirir. Dövlət Suverenliyi Gününün təsis edilməsi və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması milli yaddaşla hüquqi dövlətçilik düşüncəsini birləşdirir. 20 Sentyabrın əsas çağırışı müstəqilliyin dayaqlarını möhkəmləndirmək və gələcək nəsillərə bütöv, təhlükəsiz, qüdrətli Azərbaycan əmanət etməkdir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: