Keçmiş səfir terrorun 1 ayında mühüm məqamları açdı – İrandan Ermənistana gizli səfərlər

Bu gün Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən silahlı basqından 1 ay ötür.

Globalinfo.az Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli ilə İran-Azərbaycan münasibətləri, baş vermiş terakt və onun təsirləri haqda müsahibəni təqdim edir:

– Nəsib bəy, səfirliyimizdə törədilən terrordan sonra İranla əlaqəmiz demək olar ki, kəsilib. Qarşılıqlı ittihamlar da bir az səngiyib. Sizcə, bu nədən xəbər verir?

– Deməzdim ki, əlaqələrimiz birmənalı olaraq dayanıb. Tam dayansaydı, gərək Təbrizdəki baş konsulluğumuzu da bağlayardılar. Dəqiq desək, münasibətlər böhran vəziyyətindədir.

– Tehranın Ermənistanla yaxınlaşması, qarşılıqlı səfərləri davam edir. Hətta İranın kənd təsərrüfatı naziri İrəvana gedib. Cənub qonşumuzla münasibətlərin bu forması nə vəd edir?

– Əlbəttə ki, Azərbaycanla münasibətdəki gərginlikdən sonra İran tərəfi Ermənistanla münasibətləri daha da sıxlaşdıracaq. Biz hələ çox bu cür gediş-gəlişlərin şahidi olacağıq. Onlar bəzi səfərləri açıq, bəzilərini isə gizli şəkildə edirlər. Amma İranla Ermənistan arasında rəsmi əlaqələrin olduğunun da şahidiyik. Burada təəccüblü heç bir şey yoxdur. Şübhəsiz ki, iranlı nazirin İrəvana səfəri Azərbaycanla münasibətlərə mənfi təsir edir.

– İranın Azərbaycana olan kini, aqressiyası nə vaxt bitəcək?

– İranla Azərbaycan arasında olan münasibətlər dövlət başçılarının bəyanatlarından asılı deyil. Bu münasibətlərin mahiyyətinə baxmaq lazımdır. İki qonşu arasında müstəqil dövlətlərarası münasibətlər bir geopolitik düyün təşkil edir. Yəni ki, bu münasibətlərdə olan problemin tamamilə həll olunması mümkün deyil.

O zaman həll oluna bilərdi ki, Azərbaycan İranın tam təsiri altına düşmüş olardı və ölkəmizdə bir irançı rejim yaranardı. Və ya əksinə, İran İslam Respublikasında Güney Azərbaycan statusunda köklü dəyişiklik olardı. O halda münasibətlər normal inkişaf edə bilər. Nə qədər ki, bu yoxdur, belə gərginliklərin yaranması da gözləniləndir.

– İran istəyir ki, biz onun dostluq etmədikləri ölkə ilə düşmən olaq. Amma özü torpaqlarımızı işğal edən, günahsız insanlara qarşı qətl törədən, məscidlərimizdə donuz saxlayan bir ölkə ilə qardaşlıq edir. Bir İslam ölkəsinin belə münasibətini necə qəbul edək?

– İranın rəsmi adında İslam ölkəsi yazıla bilər. Amma bu, İran İslam yox, İran anti-İslam Respublikasıdır. Çünki İslam ölkəsi heç bir halda müsəlmanlara qarşı yönələ bilməz və yönəlməməlidir. Azərbaycana düşmən olan xristian bir ölkə ilə strateji müttəfiqlik əlaqəsində olan ölkənin hərəkətləri təəccüb doğurmamalıdır.  Son 32 ildə İran bunu çox gözəl sübut edib.

– Nəsib bəy, sizin İranda səfir olduğunuz dönəmdə səfirliyin qorunma sistemi necə idi? O zaman daha təhlükəli idi, yoxsa, bu gün?

– İlk növbədə özümüz özümüzü qorumuşuq. Müvəqqəti yerləşmə binasında ikiqat mühafizə sistemi yaratmışdıq. Bunu da etmək hər bir səfirliyin, ölkənin vəzifəsidir. Amma təhlükə hər zaman olub, var və olacaq. Ona görə də Azərbaycan hakimiyyəti bunu nəzərə alaraq iki-üç qat mühafizə sistemi təşkil etməlidir, Çünki İran tərəfdən hər zaman elə bir təzyiq, təxribat ola bilər.

– İranda səfirliyimizə olan teraktdan sonra bizə sübut etməyə çalışdılar ki, guya terrorçunun psixoloji problemi var və o ruhi xəstədir. Bundan sonra Tehrana qarşı beynəlxalq məhkəmələrdə iddia qaldıra bilərikmi?

– Hələ ki, Azərbaycan tərəfi İrana sözünü deyib, iddia qaldırıb. Əgər bu iddia yerinə yetirilməsə, o zaman Azərbaycanın haqqı var ki, bu məsələni yüksək səviyyədə müzakirəyə çıxarsın. Deyilənə görə, istintaq davam edir və Azərbaycan tərəfini məlumatlandıracaqlar.

İran Azərbaycan səfirliyində terror törədib. Burada terrorçunun sağlıq durumu müzakirə olunacaq məsələ deyil. Videolar da açıq göstərir ki, İran bunu planlaşdırıb və soyuqqanlı şəkildə həyata keçirib. Adamın heç bir problemi yoxdur.

– Sizcə, bütün baş verənlərdən sonra İrana güvənmək olar?

– Dediyim kimi, İran tərəfindən təxribat hər zaman olacaq. Ona görə də, Azərbaycan xüsusi fəaliyyət rejimində çalışmalıdır.

– Bundan sonra Azərbaycan-İran münasibətlərinin bərpası üçün Tehran bizə doğru hansı addımı atmalıdır?

– İlk növbədə Tehran son terror hadisəsi ilə bağlı bizdən mütləq üzr istəməli və terrorçunu cəzalandırmalıdır. İran bir daha belə hərəkətlərin təkrarlanmayacağına Azərbaycanı inandırmalı və zəmanət verməlidir.

Zaira Akifqızı
Globalinfo.az