“Rusiyanın “Rassvet” peyklərini orbitə çıxarması Ukrayna üçün ciddi problem yarada bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin müdafiə texnologiyaları üzrə qeyri-ştat müşaviri, “Fleş” ləqəbli Sergey Beskrestnov “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya gələcəkdə peyklərin mühərriklərini təkmilləşdirərək onları lazımi orbitlərə çıxara bilər.
“Rusiyanın “Anqara” raketi bir buraxılışla “Rassvet” peyk qrupunun yarısını gözlənilmədən orbitə çıxarmaq imkanına malik ola bilər. Bu, rus ordusuna pilotsuz uçuş aparatlarını və raketləri peyklər vasitəsilə real vaxt rejimində idarə etməyə imkan verər. Bizim üçün böyük problemdir. Hətta problem deyil, kiçik bir fəlakət olacaq”, – deyə Ukrayna rəsmisi qeyd edib.
O, Ukraynanın simsiz şəbəkələrə qarşı radioelektron mübarizə sistemləri ilə bağlı problemlərinin olduğunu və bu istiqamətdə heç kimin ciddi şəkildə məşğul olmadığını bildirib.
Beskrestnov əlavə edib ki, “Rassvet” peyklərinə qarşı radioelektron mübarizə sistemi hazırlanmasının zəruriliyini dəfələrlə gündəmə gətirir.
Qeyd edək ki, martın sonunda Rusiyanın “Büro 1440” şirkəti “Rassvet” aşağıorbitli peyk qrupunun ilk 16 peykini orbitə çıxarıb. Sistem ABŞ-ın “Starlink” şəbəkəsinə alternativ kimi təqdim olunur.
“Roskosmos”un strategiya üzrə baş direktor müavini Boris Qlazkov daha əvvəl bildirib ki, 2030-cu ilədək “Rassvet” aşağıorbitli peyk sistemi 50 min abunəçiyə xidmət göstərəcək və istifadəçilər 45 Mbit/s sürətlə internetdən yararlana biləcək.
Əliyar Xəlil
Globalinfo.az