Müəllimlərə şad xəbər – yanvardan maaşlar artır

Rəsmi təsdiqlənməmiş məlumata görə, 2022-ci ildə orta təhsil sistemində çalışan müəllimlərin maaşları yanvardan etibarən 10 faiz artırıla bilər.

Globalinfo.az bildirir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev məlumat yayıb. Onun sözlərinə görə, orta məktəb müəllimlərinin əmək haqqı ən çox 2016-cı ildə artıb:

“Ən azı son 15-20 illik zaman intervalını götürsək, təhsil sistemi üzrə pedaqoji kontingentin yarısından çoxunu təşkil edən orta məktəb müəllimlərinin maaşlarında nəzərəçarpan artım 2016-cı ildə oldu – ümumi təhsil müəssisələrində çalışanların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilmənin nəticələrinə görə.

Hərçənd ki, o zaman maaşlarda 50 faizlik artım olsa da, müəllimlərin dərs yükü də elə 50 faizə yaxın artırıldı. Amma hətta bu amili kənara qoysaq belə, məvaciblərdə artım oldu. Məsələn, həmin qərarla 3 ilə qədər staja, ali təhsilə və tam dərs yükünə (18 saat) malik müəllimlər üçün aylıq məvacib 350 manat müəyyən edildi. Son 6 ildə baş verən 2 artımdam sonra bu rəqəm hazırda 552 manatdır. Vergi çıxılmadan hesablasaq, bu 57.7 faiz artım deməkdir. Amma vergi yükü nəzərə almamaq yanlış olardı, çünki bu 6 ildə müəllimlətin vergi yükü də artıb və bu səbəbdən hesablamanı xalis əmək haqqı üzərindən aparanda nəticə dəyişir.

2016-ci ildə yaşayış minimumunun 1 misli, yəni o dövrdə qüvvədə olan məbləğlə 136 manatlıq hissə gəlir vergisinə cəlb edilmirdi. Tibbi və işsizlik sığortası mövcud deyildi, yalnız işçi maaşından 3 faiz pensiya sığortası tutulurdu. Nəticədə ümumi məvacibi 350 manat olan gənc müəllim xalis 310 manat maaş ala bilirdi (təxminən 30 manat gəlir vergisi+10 manat sosial  sığorta).

Hazırkı vergitutma mexanizmi ilə eyni statusda olan müəlllimin ümumi vergi yükü 80 manat, xalis maaşı 472 manatdır. Yəni gross maaş 57.7 faiz artdığı halda net məvacib 52 faiz artıb. 2,5 faizlik əlavə sığorta yükü (yeri gəlmişkən, hazırda 200 mantlıq hissə gəlir vergisinə cəlb edilmir və yerdə qalan məbləğdən 14 faiz tutulur, üstəgəl 2 faiz tibbi və 0,5 faiz işsizlik sığortası, 3 faiz pensiya sığortası da öz yerində), gəlir vergisinə cəlb olunmayan məbləğin böyüməsi hesabına ümumi vergi yükü 11,4 faizdən 14,5 faizə yüksəlib. Yəni 6 il əvvəl hər 100 manatın 11.4 manatı, indi isə 14,5 manatı vergis-sığorta ödəmələrinə gedir”.

Ekspert qeyd edir ki, hətta Dövlət Statistika Komitəsinin qiymət müşahidərləri əsasında hesablama apardıqda, son 6 ildə minimum qida səbətinə daxil olan 20-yə yaxın ən zəruri ərzaq məhsulunun dəyəri 60 faizə yaxın bahalaşıb:

“Öz növbəsində, kommunal xidmətlər səbətinin dəyəri 50 faizdən çox artıb. Bu fakt onu göstərir ki, son 6 ildə orta məktəb müəllimlərinin xalis məvacibinin alıcılıq qabiliyyəti xeyli aşağı düşüb – yəni onların həyat səviyyəsi pisləşib. Halbuki diaqnostik qiymətləndirmədən sonra rəsmi vəd o idi ki, müəllimlərin maaşları indən sonra daha sürətlə artacaq.

Sonuncu məqam odur ki, 2013-cü ildə qəbul edilmiş təhsilin inkişafı strategiyasında qeyd edilmişdi ki, müəllimlərin illik əmək haqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbəti mərhələlərlə1,8–2 dəfəyədək artırılacaq. Amma sənəd qəbul edilən anda də həmin göstərici 57 faiz ətrafında idi, hazırda da elə həmin səviyyədə qalıb. Strategiyanın qəbulunun isə yaxın aylarda 10 ilini tamamlayacağıq. Bu cür sənədlərdəki öhdəliklərin unudulması göstərir ki, adətən bizim hökumətin nə yazdığına yox, nə etdiyinə baxmaq lazımdır. Proqram və strategiyalar yalnız siyasi idaretmənin taleyinin seçkidə həll edildiyi mühitdə rol oynayır. Əks halda onlar arxiv sənədləri kimi tarixə keçir”…

Globalinfo.az