İrəvan yeni müharibənin qaçılmaz olduğunu ELAN ETDİ

“Ümid edirik ki, müttəfiqlərimiz Azərbaycanın növbəti eskalasiyasına imkan verməyəcəklər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

Mirzoyanın belə bir fikir səsləndirməsi istər Azərbaycan, istərsə də Ermənistan siyasi mühitində birmənalı qarşılanmayıb. Belə ki, ekspertlər erməni nazirin bu açıqlamasının yeni hərbi toqquşma mesajı olduğunu ehtimal edirlər. Hətta bəzi ekspertlər Mirzoyanın sözlərinin “yeni müharibəyə hazırlaşırıq” kimi “tərcümə edildiyini” vurğulayıblar.

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Zəngilanın Ağbaşyurd yüksəkliyində yerləşən Azərbaycan mövqelərini atəşə tutması və 1 nəfər hərbi qulluqçunun yaralanması prosesin genişlənməsi versiyasını gündəmə gətirib.

Xüsusən son günlər Ermənistanın müvəqqəti sərhəddə möhkəmləndirmə işləri aparması, səngərlər qazması qarşı tərəfin yeni təxribata hazırlaşması ilə bağlı qənaət formalaşdırır. Bununla yanaşı, İranın mütəmadi olaraq Azərbaycan əleyhinə bəyanatlar verməsi, Zəngəzuru canının bir parçası, “qırmızı xətti” elan etməsi də növbəti eskalasiya variantını gücləndirir.

Azərbaycan Prezidenti daha əvvəl verdiyi açıqlamalarda heç bir ölkənin ərazisində gözümüzün olmadığını, yalnız öz ərazi bütövlüyümüzü qorduğumuzu və Ermənistanla sülh imzalamaq istədiyimizi dəfələrlə bəyan edib. Lakin buna rəğmən, Ermənistan hərbi-siyasi rəhbərliyi hər vəchlə danışıqlardan yayınır, sülh prosesini dalana dirəyir. Bununla paralel olaraq yeni silahlar alır, növbəti hərbi təxribatlara hazırlaşır.

Məlumat üçün bildirək ki, bir çox hərbi-siyasi dairələr yeni toqquşma olacağı halda Azərbaycan Ordusunun çox qısa müddətdə Zəngəzura nəzarəti ələ keçirəcəyini bildiriblər. Beynəlxalq Böhran Qrupunun hesabatında da qeyd edilir ki, Azərbaycan əldə etdiyi hakim yüksəkliklər və Ordunun hazırlığı səbəbindən 1 həftədən də tez müddətdə Zəngəzur dəhlizini aça bilər.

Hələlik isə rəsmi Bakının gündəliyi sülh yönündədir. Prosesin davamı Ermənistanın addımlarından asılı olacaq.

Aqşin
Globalinfo.az