Öldürülən məktəblinin qardaşı danışdı: “Gülürdülər…”

“Raulla hadisədən 10 dəqiqə əvvəl telefonla danışmışdım. Dedi ki, “qardaş yoldayam, məktəbə gedirəm. Narahat qalma”. 10 dəqiqədən sonra mənə zəng edib dedilər ki, qardaşın bıçaqlanıb”.

Globalinfo.az bildirir ki, bunu azvision.az-a açıqlamasında bu gün Gəncədə məktəbin qarşısında bıçaqlanaraq öldürülən Raul Rəhimovun qardaşı Ramal Rəhimov deyib.

“Raul məktəbdə dava salan, pis davranan şagird olmayıb. Sadəcə tündxasiyyətli idi. Olduğu ortamda münasibət qurana qədər danışmazdı. Onu bıçaqlayan Fərid də eyni məktəbin 11-ci sinif şagirdidir, paralel siniflərdə oxuyurlar. Onlar arasında problemlər əvvəldən olub, lakin bu dərəcədə deyildi. Raulla Fərid başqa dünyaların insanları idi, bir-birlərinə danışıqları, davranışları, hərəkətləri xoş gəlmirdi.

Aralarında olan münasibət bura qədər gəlməmişdi. Ötən il oturub hətta söhbət edirdilər, gülürdülər, ortam mülayimləşmişdi. Amma bu tədris ilindən münasibətləri yenidən gərginləşmişdi”.

Ramalın sözlərinə görə hər iki şagirdlə bağlı məktəb rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilmişdi: “Hər şey onların yaxşılığı üçün edilirdi, onlar nəzarətdə saxlanılırdı. Hətta ailələr də görüşmüşdü, uşaqlar qarşılaşmışdı və onlara ciddi xəbərdarlıq olmuşdu.

Raulun universitetə bağlı xəyalları olmasa da, işləmək, səyahət etmək arzuları var idi. Onun arzuları yarımçıq qaldı”.

Qeyd edək ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

***11:56

Gəncədə məktəblinin qətlinin ilkin səbəbləri məlum olub. 

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, ilkin ehtimala görə hadisə qız üstündə baş verib.

Hadisəsin dəqiq təfərrüatları istintaq zamanı məlum olacaq.

X X X

Səhər saatlarında Gəncə şəhər 8 nömrəli tam orta məktəbin qabağında insident baş verib. Kənar şəxs məktəbə daxil ola bilmədikdə geri qayıdarkən məktənin şagirdi olan Rəhimov Raul Bəxtiyar oğlu ilə aralarında mübahisə yaranıb.

Globalinfo.az xəbər verir ki, bunu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov deyib.

Onun sözlərinə görə, nəticədə kənar şəxs şagirdə bıçaq zərbəsi vurub:

“Hadisədən sonra dərhal təcili tibbi yardım çağırılaraq şagird xəstəxanaya çatdırılıb. Lakin şagirdin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, hadisəni törədən şəxs əvvəllər məktəbin şagirdi olub. Lakin valideynin ərizəsi ilə şagird kontingentindən çıxarılıb. O, hazırda məktəbdə təhsil almır. Bizdə olan məlumata görə, hadisə məktəbin qarşısında olub”.

***11:23

Gəncədə məktəbin qarşısında şagirdi bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

Globalinfo.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub.

Onun sözlərinə görə, məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***11:08

Gəncədə bıçaqlanaraq qətlə yetirilən 11-ci sinif şagirdi Raul Rəhimovun dərsə davamiyyəti yaxşı olub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, o, səhər saatlarında dərsə gedən zaman məktəbin qarşısında 1 bıçaq zərbəsi ilə ağır xəsarət alıb.

Məktəbli ağır halda Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlərin göstərdikləri yardımlara baxmayaraq, o ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Fərid adlı şəxsin yaxınlarından biri 8 nömrəli məktəbin əməkdaşı olub, sonradan yaşla əlaqədar işindən çıxıb. Hadisəni törədən şəxsin digər məktəblərdən birində oxuduğu bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***10:18

Gəncədə məktəbin önündə bıçaqlanan şagird ölüb, cinayət işi açılıb.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.

Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

***10:03

Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib: “Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”.