Avropa Parlamenti və bir sıra qurumlar tez-tez insan hüquqlarının pozulmasından danışır, hesabatlar hazırlayır və bəyanatlar yayırlar. Lakin Fransada dinc vətəndaşların polis tərəfindən zorakılığa məruz qalması və kütləvi həbslər zamanı eyni “həssaslıq” nümayiş etdirilmir.
Bu cür ikili yanaşma Avropanın insan hüquqları ilə bağlı mövqeyinə və beynəlxalq nüfuzuna necə təsir edir? Avropa qurumlarının bu məsələlərdəki mövqeyini necə qiymətləndirmək olar?
Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, Avropa Parlamenti və bir sıra digər Avropa qurumları yenidən ikili standartları nümayiş etdirdilər:
“Fransada insanlar sosial vəziyyətlərinin pisləşməsinə, təhsil sistemindəki çoxsaylı problemlərə öz etirazlarını ifadə edərək ayağa qalxıblar və Makron hökumətindən ciddi islahatlar tələb edirlər. Bu vəziyyətdə Makronun əmri ilə polis vətəndaşlara qarşı çox sərt, qeyri-adekvat davranış ortaya qoyur, şiddət tətbiq edir və etiraz dalğasını dağıtmaq üçün hər cür vasitələrə əl atır”.
Elman Nəsirov
Deputat Avropa Parlamentinin bunu görməməsinin səbəbini belə izah edib:
“Dəfələrlə görmüşük ki, Azərbaycan və digər ölkələrlə bağlı nə qədər qeyri-obyektiv, həqiqətdən uzaq bəyanatlar yayıblar və daxili işlərimizə burunlarını soxublar. İndi Fransada da “burunlarından” təyinatı üzrə istifadə etsinlər də! Analoji vəziyyət təkcə Fransada deyil, eyni zamanda İtaliyada, İspaniyada, Belçikada yaşanmaqdadır. Bu gün Avropa çox ciddi böhran keçirir və Avropa Parlamenti, digər qurumlar susur, müşahidəçi statusunda izləyirlər. Repressiyalar başlayıb və polis vətəndaşlara qarşı ən dəhşətli təzyiq, təhdid üsullarından istifadə edir. Avropanın müvafiq instansiyaları isə susur. Avropanın təlqin etdiyi “inan hüquqları” anlayışı bax budur!”
Zaira Akifqızı
Globalinfo.az