
Avstraliya parlamentinin üzvü Helen Heyns avtomobilin vurması nəticəsində ağır xəsarət alıb. Hadisənin qəsdən törədilmiş hücum ola biləcəyi ehtimalı araşdırılır.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hadisə Viktoriya ştatının Vanqaratta şəhərində, deputatın seçki dairəsi üzrə ofisinin yaxınlığında baş verib.
Məlumata görə, bazar ertəsi Heyns avtomobilinin yanında olarkən “Toyota Land Cruiser” markalı nəqliyyat vasitəsi onu vurub. Ətrafdakı şəxslər sürücünü saxlayaraq polis gələnədək nəzarətdə tutublar.
Polis hadisə ilə bağlı deputatın təmsil etdiyi seçki dairəsinin sakini olan 43 yaşlı kişini həbs edib. Şübhəlinin avtomobilində bıçaq da tapılıb. Viktoriya polisi Heynsin vəziyyətinin kritik olduğunu açıqlayıb.
Avstraliyanın Baş naziri Entoni Albanizi hadisənin qəsdən törədilmiş hücum kimi araşdırıldığını bildirib. Bununla belə, insidentin motivi hələ müəyyən edilməyib.
İstintaqa birgə antiterror qrupu da cəlb olunub. Hadisə ilə bağlı araşdırma davam edir.
Əliyar Xəlil,