ludovik makron scaled

1969-cu il istehsalı məşhur Azərbaycan filmi olan “Şərikli çörək” filmində bir ifadə var: “Fransız xalqı kef eləyir”.

Lakin bu günlərdə fransız xalqı üsyan eləyir desək, lap yerinə düşər.

Səbəb nədir?

Bəlkə bilməmişik, “Dərviş Parisi partladıb?”

Görəsən, müsyo Jordanın bundan xəbəri var?

Müsyo Jordanın olmasa da dəqiq bilirəm ki, Makronun xəbəri var. Yəqin ki, Yelisey sarayından baxanda Parisin qəzəbli kütlələri də qalxan dumanda aydın şəkildə görünür.

Günlərdir Paris küçələri od içində, millət ayaq üstədir. Fransa baş naziri Sebastyan Lekornunun sözlərinə görə, şənbə günü ölkədə keçirilən etiraz aksiyalarında təxminən 1200 nəfər saxlanılıb, 150 polis əməkdaşı isə xəsarət alıb. Yalnız Parisdə ötən gün 855 nəfər saxlanılıb. Paris merinin müavini Lamia Əl-Araje bildirib ki, şəhər əvvəllər müşahidə olunmamış səviyyədə zorakılıqla üzləşib.

Şənbə günü on minlərlə insanın iştirakı ilə Parisin şərq və şimal hissələrində keçirilən yürüşdə etirazçılar “Hamı polisə nifrət edir”, “Makron, rədd ol” kimi şüarlar səsləndiriblər.
Etirazçıların “Rədd ol” şüarına qarşı Makron nə edib?

Təbii ki, rədd olmayıb!

Əvəzinə o, aksiyalara qarşı mövqeyini sərtləşdirib, hətta ehtimal ki, hərbi vəziyyət elan edəcək!

Əslində, bu addım Fransa kimi bir ölkədə kifayət qədər tiran, diktatorial addım sayılır. Təcrübə göstərir ki, polis gücünə arxalanan iqtidarlar qorxaq, zəif olur.

Eyni səhvi Fransa inqilabı öncəsi Fransa kralı XVI Lüdovik (Louis XVI) də etmişdi.

Nəticə necə olmuşdu?

O və xanımı Mari Antuanetta gilyotinlə edam edilmişdi.

Elə vaxtilə müsyo Jordanı səfalı Qarabağdan Parisə aparanda məhz bu hadisə idi. Makrondan fərqli olaraq, hazırda gilyotindən qorxan biri var!

Söhbət ölkənin daxili işlər naziri Loran Nunesdən gedir. O, Fransanı bürüyən genişmiqyaslı etiraz və iğtişaşlar fonunda istefa verib, lakin Prezident Emmanuel Makron onun istefasını qəbul etməyib.

Görünür, Makron gilyotinə öz başını yox, Nunesin başını vermək istəyir.

Hər halda, görünən odur ki, fransız xalqı kef eləmir. Hətta Makron keflərin sözün əsl mənasında soğan doğramaqla məşğuldur. Lakin fransızlar hər nə qədər kruasan yeyib, burqund şərabı içən kübar insanlar olsalar da, qəzəblənəndə qalya babaları kimi barbar olmağı yaxşı bacarırlar. Bu baş verəndə isə qarşılarında heç kəs dura bilmir!

turan rzayev 1 900x720 1 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: