esas123

Son vaxtlar Fransada müşahidə olunan gərginlik getdikcə daha kəskin xarakter alır. Hətta oktyabrın 19-da Fransanın daxili işlər naziri Loran Nunyes  Prezident Emmanuel Makrona istefa ərizəsini təqdim edib.

Bu hadisələri Makronun yürütdüyü siyasətin uğursuzluğunun göstəricisi kimi qiymətləndirmək olarmı? Fransada cərəyan edən proseslər və onların mümkün siyasi nəticələri necə dəyərləndirilməlidir?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Fransada siyasi gərginliyin dərinləşməsini yalnız bir nazirin istefası ilə izah etmək düzgün olmazdı:

“Ancaq Loran Nunyesin istefa ərizəsi ölkədəki siyasi böhranın hökumətin ən həssas sahələrindən birinə — daxili təhlükəsizlik sisteminə də sirayət etdiyini göstərir. Daxili işlər naziri Fransanın təhlükəsizlik, polis, ictimai asayiş və daxili sabitlik siyasətində əsas fiqurlardan biridir. Bu vəzifədə böhran yaranması hökumətin fəaliyyətinə dair ciddi suallar doğurur. Burada əsas məsələ Makronun ayrı-ayrı qərarlarından daha genişdir. Belə ki, Fransa siyasi sistemində hakimiyyətin legitimliyi, parlamentdə qüvvələr nisbəti və cəmiyyətin siyasi elitalara etimadı arasında ciddi ziddiyyət yaranıb. Bunlar  həll olunmadıqca, hökumət böhranlarının təkrarlanması ehtimalı yüksək olaraq qalacaq. Fikrimcə, Makronun siyasi kursunun uğursuzluqları bu böhranın mühüm səbəblərindən biridir”.

Anar Isayev

Anar İsayev

Siyasi şərhçi qeyd edib ki, bütün məsuliyyəti yalnız Prezidentin üzərinə qoymaq Fransada gedən prosesləri tam izah etmir:

“Bir neçə amil xüsusi qeyd olunmalıdır:

Birincisi, parlamentdə siyasi parçalanma. Fransa Milli Assambleyasında mərkəzçi qüvvələrin mövqelərinin zəifləməsi hökumətin qərar qəbul etməsini və sabit çoxluq formalaşdırmasını çətinləşdirib.  İkinci və ən əsas məsələ sosial narazılıqdır: alıcılıq qabiliyyəti, vergilər, pensiya siyasəti və sosial təminatla bağlı mübahisələr hakimiyyətə etimadı zəiflədən amillər sırasındadır. Sağ və sol populist qüvvələrin güclənməsi: Milli Birlik və radikal sol qüvvələr ənənəvi siyasi mərkəzin zəifləməsindən faydalanırlar. İcra hakimiyyətinə etimad problemi: Prezidentin qərarlarının cəmiyyətin bir hissəsində kifayət qədər dəstək qazanmaması siyasi qarşıdurmanı daha da dərinləşdirir. Beləliklə, Makronun problemi təkcə müəyyən qərarların səhv olması deyil. Əsas problem onun siyasi gündəliyini həyata keçirmək üçün zəruri parlament və ictimai dəstəyi təmin etmək imkanlarının məhdudlaşmasıdır”.

Ekspert bildirib ki, Fransa siyasi sistemində gedən prosesləri bir neçə istiqamətdə qiymətləndirmək olar:

“Birinci istiqamət — hakimiyyətin zəifləməsidir. Prezidentin siyasi təşəbbüslərini həyata keçirmək imkanları məhdudlaşdıqca, hökumətin qərarları ətrafında mübahisələr və siyasi qeyri-sabitlik artır. Bu, dövlət idarəçiliyinin effektivliyinə də təsir göstərə bilər.

İkinci istiqamət — siyasi qütbləşmədir. Cəmiyyətin müxtəlif təbəqələri arasında iqtisadi və sosial məsələlərə münasibətdə fərqlər dərinləşir. Ənənəvi mərkəzçi siyasət zəiflədikcə, alternativ siyasi qüvvələr daha çox tərəfdar qazanmağa çalışırlar.

Üçüncü istiqamət — Fransanın Avropadakı mövqeyidir. Fransa Avropa İttifaqının aparıcı dövlətlərindən biridir. Daxili siyasi qeyri-sabitlik Parisin Avropa büdcəsi, müdafiə, Ukraynaya dəstək və digər strateji məsələlərdə təşəbbüskarlığını zəiflədə bilər. Bununla belə, Fransanın beynəlxalq çəkisinin dərhal itirilməsindən danışmaq da bir qədər şişirtmə olardı.

Fransada baş verənlər təkcə hökumət böhranı deyil, ölkənin siyasi idarəetmə modelinin sınağa çəkilməsidir. Əgər hakimiyyət cəmiyyətlə dialoqu bərpa edə və parlamentdə işlək siyasi razılaşmalar əldə edə bilməsə, qeyri-sabitlik daha da dərinləşə bilər. Digər tərəfdən, Fransa güclü dövlət institutlarına, inkişaf etmiş iqtisadiyyata və demokratik siyasi rəqabət ənənələrinə malikdir. Buna görə mövcud gərginliyi avtomatik olaraq dövlət böhranı və ya siyasi sistemin dağılması kimi qiymətləndirmək əsaslı olmaz”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: