
Rusiya Prezidenti Vladimir Putini qarşılayan Belarus lideri Aleksandr Lukaşenko bildirib ki, onun region və Qafqazın təhlükəsizliyi ilə bağlı çox maraqlı təklifləri var və bu təkliflər Azərbaycana səfəri zamanı ciddi müzakirə olunub.
“Düşünürəm ki, həmişəki kimi təhlükəsizlik məsələlərini ön plana çəkirik. Mayın 24-də isə hökumətdəki həmkarlarımızla birlikdə iqtisadi məsələləri müzakirə edəcəyik. Mənim regionumuz və Qafqaz üçün çox maraqlı təkliflərim var, onları Azərbaycana səfərimiz zamanı çox ciddi müzakirə etdik”, – Lukaşenko Putinə bildirib.
Lukaşenkonun qeyd etdiyi təkliflər nədən ibarətdir?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmirəliyev deyib ki, Rusiya prezidenti əksər hallarda öz arzu-istəklərini Belarus prezidentinin vasitəsi ilə çatdırır:
“Ancaq eyni zamanda həm də Aleksandr Lukaşenko regionu çox yaxşı tanıyan və hər zaman müxtəlif təşəbbüslərlə çıxış edən şəxsdir. Belarus KTMT və Avrasiya İqtisadi Birliyində Ermənistanla birlikdə təmsil olunsa da Azərbaycanla çox gözəl münasibətləri var.
İki ölkənin dövlət başçısı – İlham Əliyev və Aleksandr Lukaşenko arasında dostluq əlaqələri mövcuddur. Bu yaxınlarda Lukaşenko Azərbaycana səfər etmişdi.

17 may 2024-cü il. Prezident İlham Əliyev və Aleksandr Lukaşenko Şuşada
İki prezident işğaldan azad edilmiş ərazilərə səfər etdi. Lukaşenkonun Azərbaycana səfərdən sonra bu cür açıqlama ilə çıxış etməsi olduqca maraqlıdır.
Burda Azərbaycanın zərərinə nəyinsə olduğuna inanmıram. Putinlə görüş zamanı bu cür təşəbbüslə çıxış edilməsi, bu barədə ilk dəfə Putinə açıqlama verilməsi isə Belarusun Rusiyanın təsir dairəsində olduğunu göstərir.
Rusiya bir müddət əvvəl Belarusa Boris Qrızlovu səfir göndərib. Qrızlov hakim Vahid Rusiya Partiyasının əsasını qoyanlardan, mövcud siyasi sistemi tərtib edənlərdən biridir. Belə bir şəxsin səfir işləməsi Minskin xarici siyasətində Rusiyanın təsirini artırır. Lukaşenkonun təklifinin mahiyyəti bəlli olduqdan sonra bu barədə daha dəqiq fikir yürüdə biləcəyik”.
Turan Rzayev
Globalinfo.az