Kremli Xankəndidə bitirəcək həmlələr başladı: Bakının Qarabağ gedişi – TƏHLİL

Laçın yolunda etiraz aksiyalarının genişlənməsi Bakıya müxtəlif manevrlər etməklə yanaşı Rusiyanın da bölgədən çıxarılması məsələsində bir çox üstünlüklər verir. Bakıda da yaxşı başa düşürlər ki, Moskvanın indiki dönəmdə əsas hədəfi bölgədəki status-kvonu saxlayaraq mövcudluğunu təmin etməkdir. Bu isə Azərbaycanın Rusiya ilə münasibətlərinin inkişafına mühüm şərait yaratsa da uzun müddətli perspektivdə Azərbaycan üçün böyük təhdid formalaşdırır. Ona görə də Bakı indiki dönəmdə məhz yaranmış status-kvonu dəyişdirməyə və regionun yeni görüntüsünü öz istəyi əsasında yaratmağa cəhd edir. Yəni dolayısı yolla Laçın yolunda etiraz aksiyalarının başlanması ilə Azərbaycan həm də riskli bir oyuna start vermiş olur ki, burada da onun uğur qazanmaq imkanları yüksəkdir.

Əslində Əliyev administrasiyasının illər ərzində formalaşmış daxili və xarici siyasətində Bakı xüsusilə daxili məsələlərdə heç kimlə hesablaşmaq istəmədiyini deməyə əsas verir. Məhz belə yanaşma həm də Qarabağ ətrafında yaşanan son prosesləri anlamağa kömək edir. Belə ki, ölkə daxilində xarici ölkəyə məxsus ordunun olması, eləcə də mərkəzi hakimiyyətə tabe olmayan bir çox bölgələrin qalması gələcəkdə dövlət üçün böyük təhlükə yarada bilər ki, buna da Prezident İlham Əliyev yol vermək istəmir. Ən azından Bakıda Dnestryanı, Cənubi Osetiya, o cümlədən Kosova ssenarilərini çox yaxşı bilirlər və onların Qarabağda reallaşmaq imkanlarının çox olduğunu da görürlər. Buna isə Azərbaycan geosiyasi gərginliyin ən pik həddə çatdığı dönəmdə mane olmağa çalışır.

Məhz bu baxımdan Laçın yolunda başlayan etiraz aksiyaları dolayısı yolla Qarabağın Azərbaycana birləşdirilməsi əməliyyatının tərkib hissəsi adlandırıla bilər. Ən azından etirazçıların 8 gün boyunca səsləndirdikləri tələblər də bunu deməyə əsas verir. Bakıya görə, bu etirazlar nəticəsində əldə edilən nəticələr sonrakı dönəmdə Xankəndinin ölkəyə reinteqrasiyasını təmin edəcək. Bu həmçinin bölgədə de-fakto və de-yure Azərbaycanın dövlət institutlarının mexanizmlərinin işlək formaya gəlməsinə şərait yarada bilər ki, o da reinteqrasiya prosesini sürətləndirəcək. Ona görə də Laçın yolundakı etirazlarda səsləndirilən ekoloji tələblər artıq aksiyaların miqyası böyüdükcə dolayı yolla həm də siyasi tələblərə çevrilməyə başlayır.

Əslində atılan son addımlardan da görünür ki, Bakının Qarabağın birləşdirilməsi ilə bağlı yaxşı hazırlanmış və bir neçə variantı olan planı var. Həm etirazçıların tələbləri, həm də Bakıdan səsləndirilən bəyanatlar onu deməyə əsas verir ki, Azərbaycan ilk növbədə Qarabağın siyasi inteqrasiyasından daha çox iqtisadi reinteqrasiyası məsələsini həll etməyə çalışır. Bu isə bölgənin iqtisadi baxımdan Ermənistana bağlılığını azaltmaq anlamına gəlir. Yəni ilk olaraq Qarabağa ən azından ölkə büdcəsini vəsaitlə təmin edəcək institutlar yerləşməlidir. Bölgəyə qaz axınının dayanması və Bakının bunun qarşılığında atdığı addımlar da bunu deməyə əsas verir. Dolayısı yolla Bakı həm də bölgənin infrastrukturunu özünün nəzarəti altına almağa çalışır ki, bu onun Xankəndi və ətrafındakı rayonlarda suverenliyinin bərpası anlamına gələcək. Üstəlik bu həm də dövlətin unitar əsaslarını qorumağa da köməkçi olacaq.

Digər tərəfdən isə məhz birincin mərhələnin icrası sonrakı dönəmdə siyasi institutların və güc strukturlarının da bölgəyə axını məsələsi gündəmə gətirə bilər. Lakin Azərbaycanda da yaxşı başa düşürlər ki, dövlət 30 il ərzində bölgəyə nəzarət edə bilməyib. Bu isə Bakının hakimiyyətini tanımayan yeni nəslin yaranmasına gətirib çıxarıb ki, onların da inteqrasiyası kifayət qədər çətin prosesdir. Həmçinin təkcə dövlət institutlarının yox, həm də xalqlar arasında barışın təmin olunması məsələsi də gündəmdədir ki, bu da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Onun necə həyata keçiriləcəyi isə sual olaraq qalır. Bununla belə Bakının bölgədə öz qurumlarını yerləşdirməsi, bu prosesə də əlavə imkanla yarada bilər.

Hələlik görünən odur ki, Azərbaycan Moskvanın düşdüyü bütün geosiyasi çətinliklərə baxmayaraq, onu öz xarici siyasətində güc olaraq qəbul edir və müəyyən məsələlərdə onunla hesablaşmağa çalışır. Bununla belə Bakının növbəti üç ildə əsas hədəfi Rusiya sülhməramlılarının bölgəni tərk etməsidir. Hətta ən neqativ ssenaridə belə Bakı bu istəyinə çatmayacağı halda ən azında sülhməramlı missiyanı mülki müşahidə missiyası ilə əvəz edə bilər ki, bu da onun üçün sərfəli məqamdır.

Lakin hər şeydən öncə Bakı məhz erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmasını həyata keçirmək istəyir ki, yalnız bundan sonra yuxarıda qeyd edilən planların tam icrasını həyata keçirmək olar. Bu hədəfin nəyə hesablandığını isə separatçılar çox yaxşı başa düşürlər. Ən azından həm Arutyunyan, həm Vardanyanın son açıqlamaları da bunu deməyə əsas verir. Ona görə də Azərbaycan tərəfi bir tərəfdən xoş niyyətli bəyanatlar verməklə bərabər, digər tərəfdən sərt ifadələr işlədərək separatçılar arasında çaxnaşmanı qoruyub saxlamağa çalışır. Bu isə həm də onlara seçim imkanı vermək deməkdir. Ediləcək səhv seçimin nəticəsini Xankəndidə təsəvvür etdikləri üçün çətin vəziyyətə düşüblər. Bu isə təkcə sülhməramlıları ermənilərin gözündə nüfuzdan salmır, əksinə, onların özləri arasında mübarizəni gücləndirərək, Bakının da artıq tərəf olaraq dəyərləndirilməsinə imkan yaradır.

Bu baxımdan Qızılbulaq və Dəmirli yataqlarında monitorinqin təmin edilməsi də təsadüfi deyil. Təkcə bu iki yataq qondarma rejimin büdcə gəlirlərinin böyük hissəsini təşkil edir. Əgər II Qarabağ müharibəsinə bu gəlir büdcənin üçdə birini təmin edirdisə, müharibədən sonra bu həcm üçdə iki miqdarına qədər artıb. Ona nəzarətin bərpa edilməsi isə həm bölgədə Azərbaycanın təsir imkanlarının bərpasını həyata keçirəcək, həm separatçıların maliyyə qaynaqlarının nəzarət altına keçməsinə şərait yaradacaq, həm  də onların arasında konflikti gücləndirəcək. Yaranan çaxnaşma isə bütün hallarda Bakının əlinə oynayır. Bu dolayısı yollar separatçıların elitası ilə sadə ermənilər arasında uçurumu dərinləşdirməklə bərabər onların artıq çarəni başqa istiqamətdə axtarmasına fürsət verəcək. Həmçinin hər iki yatağın Avropadakı erməni diasporunun əsas üzvlərindən olan Vartan Sirmakesə məxsus olması nəzərə alınarsa, Azərbaycanın etdiyi həmlə ilə həm də diasporun 30 ildir Qarabağda olan təsir rıçaqları da sıradan çıxarılmış olacaq.

Əslində Vardanyan tərəfindən şənbə günü təyin edilmiş mitinqin təxirə salınması da artıq Bakının planının işləməsindən xəbər verir. Separatçıları qorxudan əsas məqam baş tutacaq istənilən mitinqə ən sərt cavabın veriləcəyidir ki, bunu da Xankəndidə heç kim arzulamır. Üstəlik, Xankəndidə II Qarabağ müharibəsini də yaxşı xatırlayırlar və görünür, sadə erməni əhalisi yenidən həmin dönəmə qayıtmağı arzulamır. Digər tərəfdən isə Rusiya da indiki şəraitdə vəziyyətini daha da çətinləşdirərək, Bakını qıcıqlandırmaq istəmir. Bu isə Vardanyanın təyin etdiyi mitinqin təxirə salmasının əsas səbəbkarlarından birinin də Moskva olmasını ehtimal etməyə şərait yaradır. Bununla belə baş verənlər həm də separatçıların 120 minlik Qarabağ əhalisi və onların mübarizəsi tezisini də məhv edir. Yəni Vardanyanın etdiyi həmlə əslində Qarabağda separatçıların təqdim etdiyi sayda insanın olmaması ilə yanaşı, həm də onların artıq aktiv siyasətdən uzaq olduğunu da göstərir. Ən azından İrəvanda Qarabağ ermənilərinin keçirdiyi mitinqlərdəki iştirakçı sayına da nəzər yetirsək, əhalinin artıq siyasətçilərin təklif etdiyi gündəmlə razılaşmadığını və onları izləməkdən imtina etdiyi qənaətinə gəlmək olar.

Hər bir halda Bakı həm də Rusiyanın İrəvan üçün qurduğu oyunun bənzərini Xankəndidə Moskvanın özü üçün formalaşdırır. Edilən gedişlərdən görünən odur ki, separatçı elita daxilində xaosun saxlanmasında maraqlı olan Azərbaycan məhz onların daxilindən üçüncü qüvvənin çıxmasına şərait yaradır. Yeni qüvvə isə özlüyündə İrəvan və Moskva yerinə Azərbaycanın özünə tabe olacaq ki, bundan da Bakı maksimal formada istifadə edəcək. Nəticədə güclənən qrup sonrakı dönəmlərdə Arutyunyan və Vardanyanın yerini tutacaq və Bakı məhz bu qrupu Qarabağın inteqrasiyası üçün danışıqlarda əsas qüvvə kimi tanıya bilər. Nəticədə Azərbaycan bununla prosesi tam daxili məsələsinə çevirməklə bərabər həm də beynəlxalq ictimaiyyət qarşısında Qarabağ erməniləri ilə danışıqların aparılması görüntüsünü istədiyi formada yaratmış olacaq. Bu isə sülhməramlıların Azərbaycan ərazisindən çıxarılması perspektivini gücləndirəcək.

Görünən odur ki, Paşinyana belə oyun sərf etdiyinə görə o həm də öz addımlarını əksər məsələlərdə Azərbaycanla koordinasiya etməyə çalışır. Kremldə isə qurulan oyunun ona hansı dəyərə başa gələcəyini bildiyi üçün indidən addımlar atır. Ən azından Vardanyanın qəsdən qəhrəmanlaşdırılması prosesi aparılır ki, bundan da Moskva növbəti dönəmlərdə məhz İrəvanda yararlanmaq niyyətindədir. Bu da Qarabağdakı prosesin yekun olaraq Ermənistana transformasiyası mənasına gəlir. İrəvanın belə meydan oxumaya qarşı savaş elanı isə qaçılmazdır. Kimin bu savaşdan qalib çıxacağını isə məhz Bakı Xankəndidə müəyyənləşdirəcək. Hələlik isə Azərbaycan öz oyununun əsas mərhələsinə daxil olur və ən önəmli gedişlərinə hazırlıq görür.

İlkin Həsənov
Globalinfo.az