koceryan serkisyan 11

Azərbaycanın işğal dövründə üzləşdiyi problemlər, beynəlxalq qurumların mövqeyi və Ermənistana rəhbərlik etmiş şəxslərin məsuliyyəti yenidən gündəmə gəlib. Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında bu məsələyə diqqət çəkərək, Ermənistanın əvvəlki hökumətinin və Azərbaycana zərər vurmuş prezidentlərinin layiqli cəzalarını almadıqlarını bildirib. Bu kontekstdə Xocalı cəlladları – Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın, eləcə də həmin dövrdə ölkənin hərbi-siyasi rəhbərliyində təmsil olunmuş digər şəxslərin mümkün məsuliyyəti diqqət mərkəzinə gəlir.

Bəs Ermənistanın keçmiş rəhbərlərinin Azərbaycan ərazilərinin işğalı dövründə törədilən əməllərə görə məsuliyyətə cəlb olunması və həbs edilməsi mümkündürmü?

Globalinfo.az-a danışan beynəlxalq hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, onların işğal dövründə törədilmiş əməllərə görə məsuliyyətə cəlb olunması beynəlxalq hüquq baxımından aktualdır:

WhatsApp Image 2026 10 15 at 20.35.13

Əlövsət Allahverdiyev

“Beynəlxalq hüquqa əsasən, keçmiş dövlət başçıları müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və müəyyən şərtlər daxilində soyqırımı kimi ağır cinayətlərə görə məsuliyyət daşıya bilərlər. Əgər onların müvafiq cinayətlərin törədilməsində birbaşa iştirak etdikləri, cinayət əmrləri verdikləri və ya tabeliklərində olan şəxslərin törətdikləri cinayətlərin qarşısını almaq üçün zəruri tədbirlər görmədikləri sübut olunarsa, onlar barəsində cinayət təqibi həyata keçirilə bilər. Burada hər bir şəxsin fərdi təqsiri ayrıca müəyyənləşdirilməlidir”.

Hüquqşünasın sözlərinə görə, bu istiqamətdə mümkün hüquqi mexanizmlərdən biri Beynəlxalq Cinayət Məhkəməsidir:

“Ermənistan Roma Statutuna qoşulub və bu sənəd ölkə üçün 1 fevral 2024-cü ildə qüvvəyə minib. Ermənistanın yurisdiksiyanın 10 may 2021-ci ildən etibarən tətbiqinə dair bəyanatı olsa da, bu, əvvəlki onilliklərdə baş vermiş bütün hadisələrin avtomatik olaraq məhkəmənin səlahiyyətinə daxil olması demək deyil. Buna görə də 1990-cı illərdə və 2020-ci il müharibəsi zamanı törədildiyi iddia olunan əməllər üzrə hansı məhkəmənin səlahiyyətli olduğu ayrıca hüquqi araşdırma tələb edir”.

Ə. Allahverdiyev bildirib ki, digər imkan Azərbaycanın milli məhkəmələri, eləcə də müvafiq hüquqi şərtlər mövcud olduqda başqa dövlətlərin məhkəmələri vasitəsilə cinayət təqibinin həyata keçirilməsidir:

“Bunun üçün sübutların toplanması, konkret şəxslərin əməllərinin hüquqi cəhətdən qiymətləndirilməsi və müvafiq məhkəmənin yurisdiksiyasının müəyyənləşdirilməsi vacibdir. Şübhəli şəxslər başqa ölkələrdə olduqda onların tutulması və təhvil verilməsi də beynəlxalq hüquqi əməkdaşlıqdan asılıdır.

Ermənistanın keçmiş prezidentlərinin və digər yüksək vəzifəli şəxslərinin Azərbaycan milli məhkəmələri vasitəsilə cinayət məsuliyyətinə cəlb olunması hüquqi baxımdan mümkündür. Bunun üçün Azərbaycan qanunvericiliyində müəyyən edilmiş yurisdiksiya əsasları mövcuddur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və həmin maddədə sadalanan digər əməlləri törətmiş Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər cinayətin törədildiyi yerdən asılı olmayaraq, Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

Bu norma Azərbaycan məhkəmələrinin müvafiq işlərə baxması üçün hüquqi əsas yarada bilər. İlk növbədə, konkret şəxslərin hansı cinayətləri törətdikləri, həmin əməllərdə iştiraklarının və ya rəhbər məsuliyyətlərinin nədən ibarət olduğu sübut edilməlidir.

Həmçinin, şəxslərin beynəlxalq hüquqdan irəli gələn toxunulmazlıq məsələləri ayrıca qiymətləndirilməlidir. Şəxslər Azərbaycan ərazisində olmadıqda, onların faktiki həbs edilməsi əlavə çətinliklər yaradır. Azərbaycan məhkəməsinin qərarının olması başqa dövlətin ərazisində həmin şəxsin avtomatik tutulmasına imkan vermir”.

Əlövsət Allahverdiyev qeyd edib ki, həbs və təhvilvermə üçün müvafiq beynəlxalq hüquqi mexanizmlərdən istifadə və dövlətlərarası əməkdaşlıq tələb oluna bilər:

“Beləliklə, milli məhkəmə yolu hüquqi baxımdan mümkündür, lakin onun tətbiqi konkret cinayətlərin sübutlarından, yurisdiksiya qaydalarından və qərarın icrası imkanlarından asılıdır. Azərbaycan Cinayət Məcəlləsinin 12.3-cü maddəsi bu baxımdan mühüm hüquqi normadır, amma hər bir konkret iş üzrə onun tətbiqinin mümkünlüyü ayrıca hüquqi təhlil tələb edir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: