eliyev aqem

“Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, çoxtərəfli diplomatiyada fəal iştirakının və müxtəlif siyasi maraqları uzlaşdırmaq imkanlarının növbəti təsdiqidir”.

Bu sözləri Globalinfo.az-a politoloq Ülviyyə Zülfiqar deyib.

“Xüsusilə nəzərə almaq lazımdır ki, bu mötəbər tədbir beynəlxalq münasibətlərdə ziddiyyətlərin dərinləşdiyi, regional münaqişələrin və təhlükəsizlik çağırışlarının artdığı mürəkkəb geosiyasi şəraitdə keçirilir. Belə bir dövrdə Asiyanın müxtəlif regionlarını təmsil edən dövlət və hökumət başçılarının Bakıda bir araya gəlməsi Azərbaycanın dialoq və əməkdaşlıq üçün etibarlı siyasi məkan kimi qəbul edildiyini göstərir. Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışında diqqət çəkən əsas məqamlardan biri də məhz regional və qlobal çağırışlar qarşısında qarşılıqlı etimadın, konstruktiv dialoqun və çoxtərəfli əməkdaşlığın əhəmiyyətidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət Azərbaycana fərqli maraqlara malik dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq, beynəlxalq platformalarda təşəbbüskar mövqedən çıxış etmək imkanı yaradıb.

Azərbaycanın 2024-cü ilin dekabrından AQEM-ə sədrliyi dövründə əldə olunan nəticələr göstərir ki, ölkəmiz bu məsuliyyəti yalnız təşkilati fəaliyyətlə məhdudlaşdırmayıb, Müşavirənin institusional inkişafına və beynəlxalq təsir imkanlarının genişləndirilməsinə mühüm töhfələr verib. “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında həyata keçirilən təşəbbüslər təşkilat daxilində əməkdaşlığın yeni istiqamətlərini formalaşdırıb.

Ulker Zulfuqar

Ülviyyə Zülfiqar

Qadınlar Şurasının və Maliyyə Sammitinin yaradılması, Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması, eləcə də Bakıda ilk Media Forumunun, Liman Rəhbərləri Konfransının və digər mühüm tədbirlərin təşkili Azərbaycanın sədrliyə məzmun və praktiki nəticələr qazandırdığını nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışının ümumi siyasi mahiyyəti baxımından da mühüm məqamlarından biri Azərbaycanın regional bağlantıların inkişafına, nəqliyyat və enerji təhlükəsizliyinə, dayanıqlı iqtisadi əməkdaşlığa verdiyi önəmdir. Bu ölkəmizin siyasi və iqtisadi təşəbbüsləri ilə Asiya məkanında mühüm əlaqələndirici dövlətə çevrildiyini göstərir.

Bakıda keçirilən Zirvə Görüşü Azərbaycanın beynəlxalq təşkilatlarda sədrliyə yanaşmasının mahiyyətini bir daha nümayiş etdirir. Ölkəmiz bu platformalarda yalnız iştirakçı və ya tədbirlərə ev sahibliyi edən dövlət kimi deyil, konkret təşəbbüslər irəli sürən, əməkdaşlıq mexanizmlərinin inkişafına töhfə verən və ortaq qərarların qəbuluna nail olan fəal tərəf kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışında ön plana çıxan əməkdaşlıq, qarşılıqlı etimad, bağlantıların inkişafı və təhlükəsizlik məsələləri də Azərbaycanın uzunmüddətli xarici siyasət prioritetləri ilə birbaşa əlaqəlidir. Bu, eyni zamanda, Azərbaycanın qlobal və regional proseslərdə rolunun getdikcə gücləndiyini, ölkəmizin Asiya ilə digər regionlar arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişafında mühüm tərəfdaşa çevrildiyini göstərir. Şübhəsiz ki, Bakıdakı Zirvə Görüşü həm AQEM-in gələcək inkişafı, həm də Azərbaycanın beynəlxalq diplomatiyada mövqelərinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirilə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: