edalet partiyasi

“Son günlər bəzi xarici media vasitələrində Azərbaycana qarşı aparılan təbliğat kampaniyası və ölkəmizin daxili məsələlərinin qərəzli şəkildə təqdim edilməsi narahatlıq doğurur”.

Globalinfo.az xəbər verir ki, bu sözlər Ədalət partiyasının bəyanatındandır. Sənəddə bildirilir ki, xüsusilə, ümumi təhsil müəssisələrində məktəbli geyim forması ilə bağlı qəbul edilmiş qərarın müxtəlif siyasi və ideoloji məqsədlərlə gündəmə gətirilməsi xarici qrupların maraqlarına xidmət edir.

Bəyanatda deyilir:

“Ədalət Partiyası hesab edir ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək, milli qanunvericiliyimizə və dövlətimizin müstəqil qərarlarına kənardan təzyiq göstərməyə çalışmaq yolverilməzdir. Hər bir dövlətin təhsil siyasətini öz qanunları, milli maraqları və cəmiyyətin inkişaf prioritetləri əsasında müəyyən etmək hüququ vardır. Azərbaycan da suveren dövlət kimi bu hüquqa malikdir.

Ədalət Partiyası dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasına dair tələbləri düzgün və əsaslı addım hesab edir, bu sahədə edilmiş dəyişiklikləri cəmiyyətimizin və dövlətimizin mənafelərinə uyğun olduğu üçün dəstəkləyir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarı ilə məktəbli geyim formalarına dair qaydalara edilən dəyişikliklər təhsil mühitində vahidliyin qorunmasına, müəyyən edilmiş tələblərə riayət olunmasına və dünyəvi təhsil prinsipinin möhkəmləndirilməsinə xidmət edir. Hesab edirik ki, bu dəyişikliklər “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmiş prinsiplərlə uzlaşır və milli təhsil sistemimizin sağlam əsaslar üzərində inkişafına töhfə verir”.

Partiyanın yaydığı bəyanatda daha sonra bildirilir:

“Dünyəvi təhsil sistemi məktəbin dini və siyasi təsirlərdən kənar, bütün şagirdlər üçün bərabər təhsil imkanları yaradan ictimai məkan olmasını nəzərdə tutur. Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almağa, ümumi məktəb mühitini və intizamı qorumağa xidmət edir. Məktəb ilk növbədə bilik, dünyagörüşü, milli-mənəvi dəyərlərə hörmət və vətəndaş məsuliyyəti qazandıran təhsil müəssisəsi olmalıdır.

Dini baş örtüyü məsələsinə gəldikdə isə, onun məktəbli formasına uyğunluğu qüvvədə olan qaydalar çərçivəsində qiymətləndirilməlidir. Bu məsələ ilə bağlı müzakirələr qanunvericiliyin tələbləri və dünyəvi təhsilin prinsipləri əsasında aparılmalıdır. Qəbul edilmiş qaydaların mahiyyətini təhrif etmək, onları dini etiqada qarşı yönəlmiş addım kimi təqdim etmək düzgün deyil.

Ədalət Partiyası dini etiqad azadlığına hörmətlə yanaşmaqla yanaşı, dünyəvi təhsil sisteminin qorunmasını da vacib hesab edir. Bu iki prinsipin qarşı-qarşıya qoyulması cəmiyyətin sağlam inkişafına xidmət etmir. Təhsil siyasəti emosional çağırışlar və xaricdən aparılan təbliğat kampaniyaları ilə deyil, qanunvericilik, ictimai maraqlar və dövlətin məsuliyyəti əsasında müəyyən edilməlidir.

Biz beynəlxalq media qurumlarını və ayrı-ayrı siyasi dairələri Azərbaycanla bağlı məsələləri obyektiv işıqlandırmağa, ölkəmizin daxili işlərinə müdaxilə cəhdlərindən çəkinməyə çağırırıq”.

Paylaş: