
Bakıda oktyabrın 14-də keçirilən “Kəlağayı” yürüşü milli irs, qadın geyimi və ənənələr baxımından xüsusi diqqət çəkib. Qız Qalasından başlayan, İçərişəhər, Fəvvarələr meydanı və Bulvar istiqamətində davam edən yürüşün iştirakçıları milli baş örtüyünü və mədəni irsi təbliğ etdiklərini bildiriblər. Çünki kəlağayı Azərbaycan qadını üçün sadəcə bir parçadan ibarət deyil. O, nənələrimizin yaddaşı, milli kimliyimizin rəngləri, keçmişlə bu gün arasında qurulan mənəvi körpünün ən möhtəşəm simvollarındandır. Əsrlər boyu Azərbaycan qadınının zərifliyini, ləyaqətini və gözəlliyini tamamlayan kəlağayı xalqımızın milli-mənəvi irsinin ayrılmaz hissəsi olub. Ona görə də mövzunu kəlağayının mədəni əhəmiyyətindən tutmuş, cəmiyyətdəki sosial dəyişikliklərə, müasir geyim tendensiyalarına və bu cür təşəbbüslərin ictimai mesajına qədər bir neçə aspektdən dəyərləndirmək olar.
Kəlağayının Azərbaycan mədəniyyətində daşıdığı məna
Globalinfo.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (İB) sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, kəlağayı sivilizasiya tariximizdə mühüm yer tutan baş örtüyüdür:
Aydın Xan Əbilov
“O, yalnız geyim elementi deyil, həm də ismətin, təmizliyin, paklığın və həyanın rəmzidir. Əsrlər boyu milli toxuculuq mədəniyyətimizin bir hissəsi kimi tanınan kəlağayı ipəkdən hazırlanır, qadınların zərifliyini və gözəlliyini tamamlayırdı. Eyni zamanda, xüsusi texnologiya ilə toxunan bu baş örtüyü isti yay günlərində sərinlik də yaradırdı. Son dövrlərdə kəlağayıdan istifadə azalsa da, keçmişdə analarımız, bacılarımız, xüsusilə də gəlinlər bu baş örtüyünə geniş yer verirdilər. Çiynində, başında kəlağayı olan qadınlara xüsusi hörmət və ehtiram göstərilirdi. Beləliklə, kəlağayı zamanla Azərbaycan qadınının simvollarından birinə çevrilib. Ənənəvi olaraq, kəlağayı qızların uşaqlıqdan yeniyetməliyə, oradan isə xanımlıq mərhələsinə keçidini ifadə edən atributlardan biri olub. O, gənc qızların zərifliyini və qadınlıq məqamına qədəm qoymasını simvolizə edib. Bəzi Şərq xalqlarında qadının ailə vəziyyəti geyim və müxtəlif nişanələrlə ifadə olunduğu halda, Azərbaycanda kəlağayı da qadın geyim mədəniyyətində özünəməxsus yer tutub”.
Milli geyim elementləri ilə müasir geyim tərzinin vəhdəti
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova bildirib ki, bu gün kəlağayıya marağı artırmaq üçün müasir həyatın və moda mədəniyyətinin bir hissəsi kimi təqdim etməliyik:
“Milli irsimizi yaşatmağın ən təsirli yolu onun gözəlliyini müasir insanın zövqü və həyat tərzi ilə uzlaşdırmaqdır. Kəlağayı öz rəngləri, naxışları, ipəyinin zərifliyi və daşıdığı mənəvi məna ilə böyük yaradıcılıq imkanlarına malikdir. Onu müasir libaslarla, pencəklərlə, minimalist geyimlərlə, hətta gündəlik şəhər üslubu ilə birləşdirmək mümkündür. Bəzən sadə bir müasir geyimə uyğun seçilmiş kəlağayı bütöv obrazı dəyişir, ona milli xarakter və fərdi üslub qazandırır. Milli geyim elementlərini də müasir dəbə uyğunlaşdırarkən əsas məqsəd onun ruhunu qoruyaraq yeni estetik ifadə yaratmaq olmalıdır. Milli ornamentlərdən, ipək parçalardan, ənənəvi tikmə və naxışlardan müasir biçimlərdə, fərqli siluetlərdə, aksessuarlarda istifadə etmək mümkündür. Burada zəriflik, ölçü və milli elementlərlə müasir dizayn arasında düzgün tarazlıq xüsusilə vacibdir”.
Gülnarə Xəlilova
Modelyer əlavə edib ki, gənclərin marağını artırmaq üçün sosial şəbəkələrdən, yaradıcı fotosessiyalardan, moda nümayişlərindən və dizayner layihələrindən daha fəal istifadə etmək lazımdır:
“Onlara milli elementlərin müxtəlif üslublarda necə tətbiq oluna biləcəyini əyani şəkildə göstərmək lazımdır. Çünki gənclər milli dəyərlərimizi yalnız öyrənməklə deyil, onları öz həyatlarında hiss etməklə və istifadə etməklə daha yaxından mənimsəyirlər. Mənim yaradıcılığımda da bu yanaşma xüsusi yer tutur. Kəlağayıdan geyimlərin hazırlanması “İpək Sərvət” və “İpəyin Sehri” kəlağayının yeni hekayəsi kolleksiylarım vasitəsilə bu qədim sənət nümunəsinin müasir moda dilində necə ifadə oluna biləcəyini göstərməyə çalışmışam. İnanıram ki, milli irsimiz müasir moda ilə birləşdikcə daha geniş auditoriyaya çatacaq. Biz kəlağayını yalnız qoruyub saxlamamalı, ona yeni həyat verməliyik. Çünki milli dəyər yalnız keçmişdən bizə gəlib çatan deyil, bizim də gələcək nəsillərə sevdirərək ötürdüyümüz dəyərdir”.
“Kəlağayı” yürüşünün ictimai-siyasi konteksti
Politoloq Züriyə Qarayeva qeyd edib ki, bu yürüşü milli kimliyin, mədəni irsin və ictimai həmrəyliyin təbliği baxımından qiymətləndirmək lazımdır:
Züriyə Qarayeva
“Xüsusilə son günlər məktəblərdə geyim qaydaları ətrafında yaranan müzakirələr fonunda bu təşəbbüsün ictimai-siyasi əhəmiyyəti daha da artır. Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə dünyəvilik prinsipi bir-birinə zidd deyil. Kəlağayı da bunun ən gözəl nümunələrindən biridir. O, dini məcburiyyətin deyil, xalqımızın çoxəsrlik mədəniyyətinin, qadınlarımızın zərifliyinin və milli özünəməxsusluğunun rəmzidir. Hesab edirəm ki, belə təşəbbüslər cəmiyyətə milli kimliyimizin yalnız dini mənsubiyyət üzərində formalaşmadığını, özünəməxsus tarixi və mədəni əsaslara malik olduğunu xatırladır. Yürüş vasitəsilə cəmiyyətə çatdırılan əsas mesajlardan biri budur ki, Azərbaycan qadınının milli kimliyini ifadə edən zəngin mədəni irsimiz var və bu irsin qorunması hər birimizin mənəvi məsuliyyətidir. Digər mühüm mesaj isə milli dəyərlərə bağlılığın hansısa dini geyim formasının məcburi qəbul etdirilməsi anlamına gəlməməsidir. Ən vacib ictimai mesaj isə ondan ibarətdir ki, Azərbaycan qadınının kimliyi, geyim mədəniyyəti və mənəvi dəyərləri kənardan müəyyən edilmir”.
Yürüşdə aşılanan milli və mədəni irs
Yürüşdə iştirak edən İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin (İB) sədri Turanə Orucova vurğulayıb ki, bu təşəbbüsü yalnız mədəni tədbir və ya milli geyim ənənələrinin nümayişi kimi qiymətləndirmək düzgün olmaz:
Turanə Orucova
“Bu, Azərbaycan xalqının mənəvi dəyərlərini və zəngin mədəni irsini cəmiyyətə çatdıran ictimai mesajdır. Çünki milli irsə sahib çıxmaq xalqın öz keçmişinə, bu gününə və gələcəyinə sahib çıxması deməkdir. Kəlağayının UNESCO səviyyəsində tanınması da bu sənət ənənəsinin beynəlxalq əhəmiyyətini göstərir. Bu tanınma Azərbaycanın zəngin mədəni irsinin dünya ictimaiyyətinə təqdim edilməsi baxımından mühüm imkan yaradır. Lakin beynəlxalq səviyyədə tanınmaqla yanaşı, həmin irsin öz ölkəmizdə yaşadılması, onun mahiyyətinin cəmiyyətə düzgün çatdırılması da vacibdir. Buna görə də milli irsin təbliği epizodik xarakter daşımamalı, davamlı və sistemli fəaliyyətə çevrilməlidir. Təhsil müəssisələri, mədəniyyət ocaqları, yaradıcı şəxslər, ictimai birliklər və media bu istiqamətdə birgə fəaliyyət göstərməlidirlər. Xüsusilə uşaqlar, gənclər milli geyimlərimizin, xalq sənətkarlığının, musiqimizin, rəqsimizin və digər mədəni irs nümunələrimizin tarixi, mənəvi əhəmiyyəti barədə məlumatlandırılmalıdırlar”.
Ləman İmran
Globalinfo.az