Azərbaycanda kartdan-karta pul köçürmələri ilə bağlı yeni tariflər müəyyən edilib. 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən, köçürülən məbləğdən asılı olaraq banklararası əməliyyatlara görə 3 qəpikdən 4 manatadək xidmət haqqı nəzərdə tutulur. Mərkəzi Bank isə tariflərin banklararası hesablaşmalara aid olduğunu açıqlayıb.
Yeni tariflər qüvvəyə mindikdən sonra vətəndaşların kartdan-karta pul köçürmələrinə görə ödədiyi komissiya haqları dəyişə bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Ruslan Atakişiyev deyib ki, bu qaydalar qanun çərçivəsində tutulacaq xidmət haqlarının ümumi maksimum həddini, yəni müvafiq meyarları müəyyənləşdirir:
“Bu tutulma haqları sərbəst tətbiq olunsa da, müəyyən mənada müştərilərə təsir göstərə bilər. Təbii, elə hallar var ki, bu xidməthaqları müştərilərə ciddi təsir göstərmir. Eyni zamanda, köçürmələrin növündən və spesifik xüsusiyyətlərindən asılı olaraq, əməliyyat üçün ödənilən xidmət haqqı əvvəlcədən müştəri ilə razılaşdırılmış məbləğ ola bilər”.
İqtisadçı bildirib ki, belə olan halda, əgər həmin əməliyyatdan əldə edilən qazanc marjası aşağı düşərsə, bu, qiymətlərin artırılmasına səbəb ola bilər:
“Lakin ümumilikdə burada əsas məsələ qiymətlərin tənzimlənməsi və yeni qiymətlərin tətbiqidir. Qiymətlərin artırılması isə əlavə maliyyə yükü yarada bilər”.
Zaira Akifqızı
Globalinfo.az