İsrailin İrana hücumu – “Zərbədən sonra çox maraqlı hadisə baş verdi”

Israil iran livan

“İsrailin son hücumu nəticəsində İrana dəyən ziyan dəqiqləşdirilir. Tehranın çox ciddi ziyan çəkmədiyi göz qabağındadır”.

Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov deyib.

O bildirib ki, İran İsrail və ABŞ-ın verdiyi sözün yerinə yetirilib-yetirilməməsi haqqında yoxlama aparır:

“Ziyan ciddi deyilsə, deməli, ABŞ-ın istədiyi kimi, bu hücuma cavab verməmək olar. Çünki bu hücumun da birinci hücum kimi “danışılmış” olduğu barədə artıq şübhələr ortaya çıxır.

Hücumdan sonra çox maraqlı bir hadisə baş verdi. Belə ki, İranla əvvəllər düşmən kimi davranan Ərəbistan yarımadasının bir çox ölkəsi regional gərginliyin daha da artması ilə bağlı narahatlıq əlaməti olaraq İsrailin İrana hücumlarını pisləyən mesajlar verdilər.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi İsrailin adını çəkmədən, davam edən eskalasiyanın “dərin narahatlıq mənbəyi” olduğunu bildirdi.

elimusa oz

Əlimusa İbrahimov

Regional güc mərkəzi və İranın tarixi düşməni hesab olunan Səudiyyə Ərəbistanı da İsrailin adını çəkməyib, lakin İranın hədəfə alınmasını onun suverenliyi və beynəlxalq hüququnun pozulması kimi qiymətləndirdi”.

Ekspert deyib ki, Qətər və Küveyt ayrı-ayrılıqda İsrailin hücumlarını pislədilər, Misir isə regional eskalasiyadan narahatlığını bildirdi:

“Ərəb ölkələrinin bu səviyyədə reaksiya vermələri hələ çox müzakirə olunacaq. Amma görünən budur ki, onlar İsrailin İrandan daha böyük təhlükə olması fikrinə gəlirlər.

Görünür, hələ səslərini yetərincə qaldıra bilmirlər. Növbəti hücumlarda daha yüksəkdən səslənəcəklərinə ümid var. Təbii ki, bu dəfə ABŞ onları cəzalandırmasa…”

Turan Rzayev
Globalinfo.az