iran raket

İran rəsmiləri Rusiyanın Tehrana müasir hava hücumundan müdafiə sistemləri və radiolokasiya qurğuları tədarük etməyə başladığını bildiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu-York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Tehrandan bu açıqlama İranın silah tədarükü üçün müraciətindən sonra yayılıb. Qəzetə danışan iki iranlı mənbə Kremlin artıq tədarük prosesini başlatdığını bildirib.

Bununla belə, qəzet İranın Rusiyadan hansı texnikanı istədiyi və Rusiyanın ona nə tədarük etdiyini açıqlamayıb. Lakin bilinən odur ki, İranda hazırda S-300 sistemləri mövcuddur.

“Times of İsrael” qəzeti isə yazır ki, silah tədarükü barədə xəbər İran Prezidenti Məsud Pezeşkianın Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündən sonra yayılmağa başlayıb. Bu görüşdə Pezeşkian Rusiyanı “Tehranın strateji tərəfdaşı” adlandırıb. Lakin diqqətçəkən məqam Pezeşkianın bu görüşdə İranın İsrailə zərbə ideyasından əl çəkmədiyini xatırlatması olub.

Qeyd edək ki, bundan öncə İran İsrailə zərbə endirəcəyini açıqlayıb. Onun zərbə xəbərdarlığı fonunda Şoyqu Tehrana səfər edib. Oradan isə Bakıya gəlib. Onun Tehranda hansı danışıqları apardığı hələlik tam açıqlanmır. Lakin bir sıra mətbuat orqanları, o cümlədən İran KİV danışıqların İsrailə zərbə ilə bağlı olduğunu və Rusiyanın buna qarşı çıxmadığını yazıb. Küveytin “Əl Cəridə” qəzeti isə hücum ərəfəsində ABŞ rəsmilərinin gizli olaraq Türkiyədən Tehrana gəlib danışıqlar apardığını açıqlayıb.

ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu bir neçə gün öncə Rusiyanın İranın marionet qruplarından istifadə planı olduğunu qeyd edib. Təşkilat Rusiyanın bu qruplaşmalara nəzarəti ələ keçirib, Yaxın Şərqdə vəziyyəti qızışdırmaq istədiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: