İsrail sükutu qoruyur: Rəisinin ölümü ilə bağlı Təl-Əvivin planı varmı?

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digərlərinin helikopter qəzasında həlak olmasının ardınca bir çox ölkə rəsmi Tehrana başsağlığı versə də İsrail səssizliyini qoruyur. 

İsrailin sükutunun arxasında nə dayanır? İrana Təl-Əvivdən indiki mərhələdə nə kimi həmlə gözlənilir?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması çoxlu suallar yaradıb:

“İlk göstəricilər qəzaya işarə etsə də, şübhələr də yox deyil. İranın sui-qəsdlərə meylli siyasəti səbəbindən çox az adam Rəisinin ölümünün təsadüf olduğuna inanır. İsraillə davam edən gərginlik də şübhələr yaradır. Çünki aprelin 1-də Suriyada iki generalı həlak olan Tehran bu hadisədən iki həftə sonra pilotsuz təyyarələr və raketlərlə İsrailə hücum edib. İsrailin buna zəif reaksiyası ilə gərginliyin hələlik sakitləşdiyi düşünülürdü. Ancaq Rəisinin qəzası ilə bütün gözlər İsrailə çevrildi.

Lakin qəzada İsrail izi ilə bağlı ciddi fakt mövcud deyil. Mütəxəssislər vurğulayırlar ki, dağlıq ərazi və pis hava helikopterlərin uçması üçün əlverişli deyil.

1972-ci ildən bəri “Bell-212” tipli helikopterlərin iştirakı ilə baş verən qəzaların sayı 430-dur. Bura İran prezidentinin öldüyü qəza da daxildir. Bunların 162-si, təxminən 40 faizi ölümlə nəticələnən qəza kimi qeydə alınıb. Sonuncu ölüm hadisəsi sentyabr ayında Birləşmiş Ərəb Əmirlikləri sahillərində təlim uçuşu həyata keçirən helikopterin qəzaya uğraması nəticəsində baş verib.

Hadisə ilə bağlı araşdırmalar davam edir. Amma İsrailin nə isə etməsi hələlik zəif versiyadır”.

Turan Rzayev 

Globalinfo.az