İsrail ordusu “Kəbə əməliyyatı”na başlayır – 44 illik plan işə düşür

HƏMAS-la İsrail arasında atəşkəsin bitməsindən sonra döyüşlər əvvəlki qaydada davam edir. Müharibənin uzanması İsraili narahat edir.

HƏMAS-ın mülki obyektlərdən, xəstəxanalardan hərbi məqsədlərlə istifadə etməsi Təl-Əvivi çətin vəziyyətə salır. İsrail müharibənin ilk günləri haqlı idisə, qeyd olunan obyektlərin vurulması və mülki şəxslərin həyatını itirməsi fonunda artıq təzyiqlərlə üzləşir.

İsrailə qarşı beynəlxalq təzyiqin artması, HƏMAS-ın məğlub olmaması Təl-Əvivi döyüş taktikasını dəyişməyə vadar edir. Belə ki, İsrail Qəzza zolağında bütün tunelləri dəniz suyu ilə doldurmaq planını nəzərdən keçirir. Artıq bu istiqamətdə əraziyə böyük nasoslar yığılır.

İsrail bununla tunelləri məhv etməklə orada gizlənən silahlıları zərərsizləşdirmək istəyir. Təl-Əvivin tətbiq etdiyi taktika maraqlıdır və diqqət çəkir. İsrailin Qəzzadakı məlum tunelləri dəniz suyu ilə doldurmaq planı 1979-cu il “Kəbə basqını” adı ilə tarixə düşən terror hücumuna qarşı keçirilmiş əməliyyatı xatırladır. Həmin vaxt Kəbənin terrorçulardan xilası üçün başladılan antiterror əməliyyatı zamanı Məscid-i Harama nasoslarla su buraxılmış, daha sonra isə elektrik verərək içəridəkilərin çoxu öldürülmüşdü.

Rəsmi Təl-Əvivin bu taktikası uğurlu olsa da, HƏMAS bundan İsrailə qarşı istifadə edə bilər. Belə ki, bu gün HƏMAS-ın gizləndiyi tunellərdə təkcə hərbçilər deyil, həm də mülki şəxslər, əsirlər var. Yəni bu taktika ilə həm də mülkilər və əsirlərin həyatını itirməsi mümkündür. HƏMAS isə bundan növbəti dəfə İsrailə qarşı beynəlxalq ictimaiyyətin təzyiqini artırmaq üçün istifadə edə bilər.

Turan Rzayev
Globalinfo.az