israil iran krizinde gunun one cikan gelismeleri ve analizleri pacv 1

İsrailin müdafiə naziri İsrael Katzın “İran İsrailə raket atacağı təqdirdə, müharibə sabah yenidən başlaya bilər” açıqlaması regionda gərginliyin yenidən artdığına dair narahatlıqları gücləndirib. O bildirib ki, İsrail ordusuna zərurət yaranarsa, İrana qarşı müstəqil hərbi əməliyyat planı hazırlamaq tapşırılıb və mümkün hədəflər artıq müəyyən edilib.

İsrailin bu bəyanatı yeni hərbi əməliyyatlara hazırlığın göstəricisidir, yoxsa İrana yönəlmiş siyasi və hərbi xəbərdarlıqdır? Yaxın günlərdə İsrail ilə İran arasında yenidən genişmiqyaslı qarşıdurmanın başlaması ehtimalı nə qədər realdır?

Globalinfo.az-a danışan politoloq Əfsanə İbrahimova deyib ki, bu bəyanat həm xəbərdarlıq, həm də hazırlıqdır:

“Katz vurğulayır ki, İsrail ABŞ Prezidenti Donald Trampın diplomatik prosesinə mane olmaq istəmir və Vaşinqtonla razılaşma var. Bu, ilk növbədə “əgər İran atəş açsa” formatında şərti xarakter daşıyır və klassik çəkindirmə ritorikasıdır. Burada məqsəd əslində müharibəni başlatmaq deyil, İranı raket atmaqdan çəkindirməkdir. Eyni zamanda, ABŞ-İran danışıqlarında İsrailin də nəzərə alınmasını tələb edən siyasi siqnaldır. Hərbi hazırlıq tərəfi isə odur ki, “hədəflər müəyyənləşdirilib”, “ordu əmr gözləyir” kimi ifadələr ritorikadan kənara çıxır. Bu, real əməliyyat planlaşdırmasının davam etdiyini göstərir. Fevral ayından bəri İsrail-İran artıq açıq müharibə vəziyyətindədir, iyunun sonunda isə müvəqqəti, kövrək bir danışıqlar, yəni atəşkəs prosesi gedir. Bu səbəbdən İsrael Katzın sözləri yeni müharibənin “elanı” yox, mövcud kövrək sülhün asanlıqla pozula biləcəyinə dair real xəbərdarlıqdır”.

efsanepolitoloq

Əfsanə İbrahimova

Politoloq bildirib ki, qarşıdurmanın genişlənməsi real və yüksək ehtimaldır:

“Bunun müxtəlif səbəbləri var, çünki atəşkəs hələ kövrəkdir, hər iki tərəf bir-birinə etimad göstərmir. Həm də İran tərəfində danışıqların formatı və icra detalları barədə dərin fikir ayrılıqları var. Həmçinin Katz konkret 48 saatlıq müddət qeyd edib. Bu, sadəcə ritorik deyil, əməli hazırlığın işarəsidir. Lakin tam miqyaslı yeni müharibənin “yaxın günlərdə” başlaması ABŞ-ın iradəsindən çox asılıdır. Donald Tramp danışıqlar prosesini davam etdirmək istəyir və bu, İsrailin müstəqil hərəkətini hələlik məhdudlaşdırır. Beləliklə, ən real ssenari gərginliyin davam etməsi, lakin genişmiqyaslı müharibənin yenidən başlamasının konkret tətikləyiciyə bağlı olmasıdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: