David Gareja Monastery Georgia

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibinin müəyyənləşdirilməsi iki ölkə arasında sərhəd məsələsinin yenidən gündəmə gəlməsinə səbəb olub. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncam fonunda son dövrlərdə tərəflər arasında tarixi dini abidələrlə bağlı mübahisələr də diqqət çəkir.

Bəs komissiyanın yeni tərkibi uzun illərdir davam edən delimitasiya prosesinin irəliləməsinə nə kimi töhfə verə bilər? Son hadisələr Azərbaycan–Gürcüstan münasibətlərinə necə təsir edir və tərəflər mövcud fikir ayrılıqlarını strateji tərəfdaşlığa xələl gətirmədən həll edə biləcəklərmi?

Globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, Gürcüstan Pravoslav Kilsəsinin Azərbaycanın Qax rayonundakı Müqəddəs Georgi kilsəsi – Kürmük məbədi ilə bağlı açıqlaması və rəsmi Bakının bu məsələyə reaksiyası hər iki ölkə arasında son günlər dini-mədəni irslə bağlı yaranmış mübahisə olaraq, münasibətlərdəki həssas məqamlardan biri kimi gündəmə gəlib:

“Gürcüstan tərəfi məbəd ətrafında aparılan işlərlə bağlı narahatlığını ifadə edib, Azərbaycan Xarici İşlər Nazirliyi isə bu yanaşmanın iki ölkə arasında mövcud dostluq və strateji tərəfdaşlıq ruhuna uyğun olmadığını bildirib.

Belə bir şəraitdə Azərbaycan–Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyasının yeni tərkibinin təsdiqlənməsi yerinə düşdü. Bu addım, ilk növbədə, sərhəd məsələlərinin daha sistemli, peşəkar və institusional əsaslarla müzakirəsinə imkan yaradacaq. Komissiyanın tərkibində xarici siyasət, sərhəd təhlükəsizliyi, ekologiya, geodeziya və yerli idarəetmə sahələrini təmsil edən qurumların iştirakı məsələyə kompleks yanaşma üçün şərait yaradır.

Tamilla
Tamilla Qulami

Bütün bunlara baxmayaraq, komissiyanın yenilənməsi öz-özlüyündə mübahisəli sahələr üzrə razılaşmanın əldə olunacağı demək deyil. Delimitasiya tarixi xəritələrin, hüquqi sənədlərin, faktiki vəziyyətin və tərəflərin mövqelərinin diqqətlə müqayisəsini tələb edən mürəkkəb prosesdir. David Qareci monastır kompleksi ətrafında uzun müddətdir davam edən fikir ayrılıqları da göstərir ki, dini və tarixi irs məsələləri sərhəd danışıqlarını ictimai-siyasi baxımdan daha həssas edə bilər.

Ümumilikdə isə Azərbaycan-Gürcüstan münasibətlərində yaranan fikir ayrılıqları iki ölkənin strateji tərəfdaşlığına kölgə salmamalıdır. Yeni delimitasiya komissiyası sərhəd məsələlərinin hüquqi və tarixi sənədlər əsasında həllinə, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verməlidir. Əsas məqsəd dini-mədəni irslə bağlı həssas məsələləri siyasi qarşıdurmaya çevirmədən diplomatik dialoq yolu ilə həll etməkdir. Unutmayaq ki, Azərbaycan və Gürcüstan arasında sabit münasibətlər təkcə hər iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi və regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: