Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən mal-qaranın vəziyyəti ilə bağlı şikayətlər gündəmə gəlir. Bir sıra vətəndaşlar Məşğulluq İdarəsi tərəfindən onlara təqdim olunan heyvanların xəstə olması ilə bağlı narazılıqlarını bildirirlər. Göygöl rayonunda yaşayan Təbiət Cəfərovun başına gələnlər də bu məsələni yenidən gündəmə gətirib. Belə ki, iki il gözlədikdən sonra özünüməşğulluq proqramı çərçivəsində aldığı üç inəkdən biri cəmi bir həftə sonra tələf olub. Vətəndaşın sözlərinə görə, heyvanın ölümündən sonra aidiyyəti qurumlara müraciət etsə də, problemin həlli ilə bağlı çətinliklə üzləşib.
Bəs özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanların sağlamlığına nəzarət necə həyata keçirilir və belə hallarda vətəndaşların hüquqları necə qorunmalıdır?
Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı uzun illərdir şikayətlər var:
“Proqram iştirakçıları həm heyvanların fotolarını sosial şəbəkələrdə paylaşır, həm də mənimlə əlaqə saxlayaraq narazılıqlarını bildirirlər. Bu, ilk hal deyil, neçə illərdir davam edir. Azərbaycanda prinsip belədir: “Bəy verən atın dişinə baxmazlar”. Yəni nə verirlərsə, qəbul et. Xəstədir, topaldır, qocadır – fərqi yoxdur. Əslində isə işsiz insanlara sağlam heyvanlar verilməlidir. İşsiz adamın pulu və imkanı da yoxdur ki, həmin heyvanları qısa müddətdə müalicə etdirsin”.
Vahid Məhərrəmov
Mütəxəssis bildirib ki, heyvanların əksəriyyəti qoca və qısırdır:
“Onlar təsərrüfatlardan çıxarılır və çox ucuz qiymətə alınır. Bu layihə də ucuz qiymətə alıb, baha qiymətə sənədləşdirərək insanlara təhvil vermək üzərində qurulub”.
V.Məhərrəmov qeyd edib ki, bu məsələdə işsiz vətəndaşları da qınamaq olmaz:
“İndi onlardan gözləyək ki, hər şeyi əvvəlcədən müəyyən etsinlər, heyvanları qəbul edərkən baytar həkimlə getsinlər, heyvan tələf olduqda onu yarıb daxili orqanlarının şəklini çəksinlər? Bu, absurddur. Bu insanlar ona görə işsizdirlər ki, kifayət qədər savadlı və məlumatlı deyillər, nə edəcəklərini bilmirlər. Düşünürlər ki, onlara bir-üç inək verəcəklər, onlar da ot tapıb heyvanları bəsləyəcək, bir qədər süd sağacaq, özləri istifadə edəcək, satacaq və ailələrini dolandıracaqlar. Amma əvəzində problemlərlə üzləşirlər. Mən bu heyvanlardan fayda götürdüyünü deyən bir nəfər də tanımıram. Hamısı şikayət edir. Dediyim kimi, xəstə, qoca, şikəst və qısırlaşdırılmış heyvanlar verilir. İnsanlar şikayət edirlər, amma şikayətlərinə baxan yoxdur. Heç kim müraciətləri araşdırmır. Hətta məhkəmələr də bu şikayətlərə baxmır”.
Zaira Akifqızı
Globalinfo.az