Son günlər bəzi vətəndaşların pensiya kapitalında dəyişikliklərin müşahidə olunması narahatlıq yaradıb. Sosial şəbəkələrdə bununla bağlı paylaşım edən vətəndaşlar yığımlarının azalmasından və ya məlumatların dəyişməsindən narahat olduqlarını bildirirlər. Rəsmi açıqlamada isə bunun işəgötürənlərin sosial sığorta hesabatlarının elektron sistemdə emalı ilə bağlı müvəqqəti hal olduğu qeyd edilib.
Bəs bu dəyişikliklər pensiya kapitalına və gələcək pensiya məbləğinə təsir edə bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, məsələ ilə bağlı hələlik hər hansı rəsmi açıqlama yoxdur:
“Əslində, rəsmi məlumat da, qanunvericilikdə dəyişiklik də yoxdur. Pensiya kapitalının yığım hissəsi və ora köçürmələrlə bağlı qanunvericilikdə heç bir dəyişiklik edilməyib.
Natiq Cəfərli
Ona görə də belə şayiələrin yaranmasına səbəb olur”.
Natiq Cəfərli qeyd edib ki, yaranmış narahatlığın aradan qaldırılması üçün rəsmi qurumların vətəndaşları əmin edəcək açıqlamalar verməsi məqsədəuyğun olardı:
“Açıqlamalar verilsin ki, yaranmış söz-söhbətə və şayiələrə son qoyulsun. Bir daha təkrar edirəm, bu elə bir sahədir ki, qanunvericiliklə tənzimlənir. Qanunvericilikdə isə heç bir dəyişiklik yoxdur”.
Zaira Akifqızı
Globalinfo.az