İşçiləri həbs edilən başçılar haqda qərar veriləcək – Davammı, tamammı?

Ölkənin müxtəlif bölgələrində korrupsiyaya qarşı əməliyyatlar davam edir. Son verilən məlumatlarda Cəlilabad və Tərtər rayonlarının icra hakimiyyəti strukturunda, bələdiyyə sistemində keçirilən əməliyyatlar nəticəsində bir sıra şəxslərin saxlanıldığı açıqlanıb.

Mediada, sosial şəbəkələrdə, bütövlükdə cəmiyyətdə bir sual var: Tabeliyində çalışan işçilər tutulduğu halda, rayon rəhbərləri – xüsusilə də icra hakimiyyəti başçıları niyə cəzasız qalır? Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov və Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov barəsində istintaq nə kimi tədbirlər görəcək? İşçiləri korrupsiya, rüşvət və digər məsələlərə görə saxlanılan rəhbər işçi haqda hüquqi prosedur nə şəkildə olmalıdır?

Rüşvətə, korrupsiyaya görə saxlanılan şəxslərin əməllərinə başçıların ortaq olmadığını, yaxud əksini demək mümkündürmü?

Mövzunu Globalinfo.az-a dəyərləndirən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, korrupsiyaya qarşı əməliyyatlar təqdirəlayirqdir, amma nəticə detalları ilə təqdim olunmalıdır:

Fazil Mustafa

“Korrupsiyaya qarşı mübarizə hərtərəfli şəkildə aparılır. Amma bunların nəticəsi ilə bağlı cəmiyyətin məlumatlandırılmasına ehtiyac var. Yəni bütün detallar üzə çıxmalı, istinqatın gedişi ilə bağlı məlumatlar təqdim edilməlidir. Dövlət Təhlükəsizlik Xidməti bu prosesdə aktiv rol oynayır. Bu çox müsbət haldır. Əvvəllər bu aktivliyi görmürdük. Lakin xüsusilə son 3 ildə DTX-nın bu sahədəki fəaliyyəti təqdirəlayiqdir. Necə şərh edilməsindən asılı olmayaraq, bu, bütövlükdə korrupsiyaya qarşı mübarizənin tərkib hissəsidir. Mübarizə bundan sonra da davam edəcək. Hər halda hər kəsin eyni qaydada saxlanılması mümkün deyil. Amma mübarizə prosesini müsbət bir tendensiya kimi qiymətləndirməliyik”.

Globalinfo.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, başçıların məsuliyyətə cəlb edilməsi əməliyyat-istintaq prosesinin gedişatından asılıdır:

Şamil Paşayev

“Ümumiyyətlə fiziki və hüquqi şəxslərdən, kütləvi informasiya vasitələrindən daxil olmuş müraciətlər nəticəsində istintaq aparıla bilər. Xüsusilə korrupsiya cinayətlərində bəzən kiçik idarəçilərlə bağlı istintaq aparılsa da, böyük rəhbərlik barəsində hər hansı addımın atılmadığına şahid oluruq. Bu hər halda istintaqın bir taktikasıdır. Əməliyyat prokurorun təşəbbüsü ilə də başlaya, şübhələr olduqda həyata keçirilə bilər. Əməliyyat-istintaq gedişatının nəticəsində daha sonra hətta rayon icra başçılarının da məsuliyyətə cəlb edilməsi mümkündür. Bu zaman istintaq prosesində həmin şəxslərin məsələ ilə əlaqəsi sübuta yetirilməlidir. Yəni, həqiqətən də bu şəxslərin idarəçiliyi, lazımı diqqət göstərməməsi, yaxud korrupsiya cinayətlərində bilavasitə iştirakı isbat edilsin. Təbii ki, istintaqla bu sübuta yetirildiyi halda məsuliyyətə cəlb edilmələri mümkündür. Əks halda isə həmin şəxslərlə bağlı bu addım atmaq olmaz”.

“Saxlanılan şəxslərin əməllərində başçılarla ortaq olmadıqlarını əminliklə demək mümkün deyil. Bunu ancaq istintaqın gedişatında, aparılan üzləşdirmə, ifadənin yerində yoxlanılması müvafiq sənədlərin, yaxud halların ekspertizadan keçirilməsi və bunun nəticəsində müstəntiqdə daxili inam formalaşacaq. Beləliklə başçıların, yaxud daha böyük rəhbərlərin müavinlərin, idarə müdirlərinin cinayət işində hər hansı əlaqələrinin olub-olmadığı bilinəcək” – deyə, o bildirib.

Ayşən Mustafa
Globalinfo.az