İrəvanda iki baş nazir nədən danışıblar? – Qaribaşvili ilə Paşinyan Azərbaycan haqda…

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti İrəvana səfər edib. Qaribaşvili səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşüb. Görüş zamanı əsasən iki ölkə münasibətləri müzakirə olunsa da, tərəflərin Ermənistan-Azərbaycan münasibətlərini də aralarında danışdıqları ehtimal edilir.
Ümumiyyətlə rəsmi Tiflis Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması və yekun sülh müqaviləsinin imzalanmasında vasitəçilik missiyasını təqdim edir. Qərb və ABŞ-ın da Gürcüstan üzərindən prosesə qatılmaq istəməsi məlumdur.

Maraqlıdır, Gürcüstan Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması və yekun sülh müqaviləsinin imzalanmasında vasitəçi ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin Ermənistana səfəri dövlətlərarası münasibətlərdən qaynaqlanan səfər kimi görünsə də səfər çərçivəsində Tiflisin İrəvan və Bakı arasında vasitəçilik imkanlarının müzakirə edilməsi də mümkündür:

“Gürcüstanın bundan öncə də bənzər təcrübəsi olub. Söhbət 15 erməni diversantının Ermənistan tərəfinə təhvil verilməsi və qarşı tərəfdən mina xəritələrinin alınmasından gedir. Digər tərəfdən 44 günlük Vətən müharibəsindən sonra Gürcüstanın regionda mövqeyinin azalması proseslərə müdaxilə ehtiyacı yaradır.

“Altılıq platforma” təklifinin Gürcüstan tərəfindən imtina edilməsi alternativ “Beşlik” platformanın yaranmasına gətirib çıxara bilərdi, lakin İranın son zamanlar sərgilədiyi mövqe sayın daha da azalmasına təkan verib. Lakin bu platformanın reallaşıb-reallaşmamasından asılı olmayaraq, üçtərəfli bəyanatın nəticələrinə uyğun olaraq Zəngəzur dəhlizinin açılması labüddür.
Bu durumda Gürcüstan ərazisindən keçən Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi tranzit layihələr dayandırıla bilər.
Gürcüstanı narahat edən əsas məqamlardan biri bu olduğuna görə, bölgədə yeni əməkdaşlıq trayektoriyası cızmağa çalışır. Bakı-Tiflis, Ankara-Tiflis platforması bu məcrada təklif olunacaq ən adekvat əməkdaşlıq çərçivəsidir.

Züriyə Qarayeva

Bunu Gürcüstan tərəfi həm öz maraqlarının təmin olunması, həm də ABŞ-ın diktə etdiyi tələblərin yerinə yetirilməsi kontekstində istəyir. Əslində Tiflisin vasitəçilik imkanları Rusiya ilə əlaqələrinin olmaması, Azərbaycan və Ermənistanla isə eynisəviyyəli əlaqələrə sahib olması baxımından real görünə bilər. Üstəlik, adekvat münaqişə bu ölkənin öz təcrübəsində də yaşanıb”.

Politoloqun fikrincə, Gürcüstanın moderatorluğu tərəflər arasında diplomatik masanın təşkil olunmasından irəli gedə bilməz:

“Rusiyanın bölgədə indiki səviyyədə rıçaqlarının olduğu vaxtda Aİ-nin moderatorluğu ilə ciddi praktiki irəliləyişə nail olunmadısa, əksini Gürcüstandan gözləmək sadəlövhlükdür.
İkinci tərəfdən, sülh müqaviləsi üçün sərhədlərin delimitasiya olunmasında yekun qərar verilməlidir. Təəssüf ki, İrəvan sadəcə vaxt qazanma ritorikasına sadiqlik nümayiş etdirir. Bu durumda nə Gürcüstan, nə də Brüssel sülh prosesinin yekunlaşmasına töhfə verə bilməz. Yəni, əsas məsələ Tiflisin təklif etdiyi masa deyil, İrəvanı konstruktiv mövqe sərgiləməyə vadar etməsidir ki, bunun üçün Gürcüstanın kifayət qədər mexanizmlərinin olacağını zənn etmirəm”.

Turan Rzayev
Globalinfo.az