Naxçıvan Muxtar Respublikasına (MR) səfər edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Naxçıvanın günəş enerjisi və turizm üçün böyük potensiala malik olduğunu bildirib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, səfir bu barədə jurnalistlərə açıqlamasında danışıb.
O, ölkəsinin Azərbaycan və xüsusilə, Naxçıvan MR ilə əməkdaşlığının dörd əsas – infrastruktur, yaşıl enerji, turizm və kənd təsərrüfatı – istiqamətinin olduğunu vurğulayıb.
D.Norman muxtar respublika rəsmiləri ilə keçirdiyi görüşlərdə dəmir yollarının modernləşdirilməsi, layihələrin idarə olunması və siqnalizasiya sistemləri sahəsində Britaniya təcrübəsindən istifadə imkanlarının müzakirə edildiyini vurğulayıb. Onun sözlərinə görə, ildə təxminən 250 gün günəşli günü olan Naxçıvan günəş enerjisi üçün əlverişli məkandır. Səfir həmçinin bölgənin mühüm turizm mərkəzinə çevrilə biləcəyini qeyd edib.
Daha sonra Azərbaycan–Ermənistan sülh prosesinin region üçün əhəmiyyətini vurğulayan diplomat Böyük Britaniyanın bu prosesi dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.
O, eyni zamanda, Azərbaycanla Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasını, investisiya, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini arzuladığını bildirib.
D.Norman həmçinin qeyd edib ki, Böyük Britaniyanın “Chapman Taylor” şirkəti Naxçıvan şəhərinin 20 illik Baş Planını hazırlayacaq və bu, iki ölkə arasında əməkdaşlığın nümunələrindən birinə çevriləcək.