İrəvan kəndlərə görə təcili hərəkətə keçir – “Vəziyyət çox gərgindir…”

Ermənistan parlamentində təcili olaraq Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə ediləcək. Məlumata görə, parlamentin dördgünlük iclası aprelin 9-da başlayacaq, fövqəladə ilk sessiyaya Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan da dəvət ediləcək.

Mövcud gərginlik fonunda bu təcili toplantının səbəbi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, bu iclası Ermənistan parlamentindəki müxalif düşərgə təşkil edib:

“Burada Azərbaycanın tarixi torpaqlarının geri qaytarılması yox, məsələ ilə bağlı hökumətdən hesabat tələb edib, mövqelərini ortaya qoyacaqlar. Proseslər göstərir ki, sanki ilk günlər loyal görünməyə çalışan Ermənistan hökuməti əsl niyyətini son bir neçə gündə büruzə verdi. İrəvan işğalda saxladığı kəndləri Azərbaycana qaytarmaq istəmir. Hətta bu ərazilərdə güclənməyə çalışırlar ki, rəsmi Bakı hərb variantına əl atsa, problemlər yaşasın. Bu, mümkündür”.

Hərbi ekspertin fikrincə, aprelin 5-də Brüsseldə baş tutacaq Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşünün təhlükəsizliyə zəmanət deyil, iqtisadi məsələləri əhatə edəcəyi iddiası inandırıcı deyil:

“Bir ölkə, təşkilat təhlükəsizlikdən arxayın olmasa, iqtisadi məsələlərə qarışmaz. Bu görüşdə təhlükəsizlik məsələsi ön planda olacaq. Ermənistanı Rusiyadan qorumağa çalışacaqlar.

Həqiqətən də vəziyyət indi çox gərgindir. İrəvanın 4 kəndi geri qaytaracağını düşünmürəm. Yalnız ciddi təzyiq, hərbi əməliyyatlar olarsa, proses reallaşacaq”.

S.Məmməd qeyd edib ki, Paşinyan guya torpaqları geri qaytarmaq istəyində olduğunu, lakin xalqın buna razılıq vermədiyini göstərir:

“Bu, əslində yeni taktika deyil, gözlənilən idi. Bundan sonra da proses gərginləşəcək. Tərəflərin ordularında hərəkətlənmələr var. Bu heç də yaxşı deyil. Azərbaycan və Ermənistanda ritorika tamamilə dəyişib”.

Safura Bənnayeva
Globalinfo.az