Azərbaycan Qarabağda qalib gəldikdən sonra… – İranlı ekspert

“Azərbaycan Qarabağda qalib gəldikdən sonra Ermənistan Rusiyaya inamını itirib və yeni müttəfiqlər tapmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu iranlı ekspert Seyid Əli Musəvi Xalxali deyib.

Ekspert Ermənistanın Rusiyadan uzaqlaşmaq istədiyi və özünü tək hiss etdiyi bir zamanda İranın fürsətdən istifadə etməyə çalışdığını bildirib:

“Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin birbaşa Moskvanın nəzarəti altında imzalanmasını, bütün məqamlara özünün nəzarət etməsini istəyir. Bu ərəfədə İranın xarici işlər nazirinin İrəvana səfəri ciddi əhəmiyyətə malikdir. Ermənistan Azərbaycan, Türkiyə və Rusiya arasında özünü tək hiss edir. Hər nə qədər Moskvadan asılı olsa da, İrəvanın Qarabağ məsələsindən sonra Kremlə qəzəbi daha da güclənir. Nikol Paşinyan bunu müsahibəsində açıq şəkildə deyib.

Tehran xarici işlər naziri Hüseyn Əli Abdullahianı İrəvana göndərməklə Ermənistana tək olmadığını göstərməyə çalışır. Ermənistan Rusiyadan uzaqlaşaraq Qərbə doğru yönəlməməli, İranın yanında yer almalıdır. İrəvan ancaq Tehrana etibar edə bilər. Doğrudur, Ermənistanın Rusiyadan bir çox sahələrdə ciddi asılılığı var, İran onun yerini doldura bilməz. Amma ermənilər üçün yanlarında Tehran kimi bir gücün olduğunu bilmək kifayətdir”.

Ayşən Mustafa
Globalinfo.az