İranda parçalanma yaşanır: Cənubi Azərbaycanla bağlı həyəcanlı gəlişmə

İranda vəziyyət gərginləşdikcə elita daxilində də parçalanma sürətlənir. Belə ki, mərkəzi hakimiyyət etirazçılar qarşısında geri çəkildiyini göstərmək istəmir ki, bu da özlüyündə başadüşüləndir. Tehranda da yaxşı anlayırlar ki, geriyə atılacaq hər addım yeni hücumlara səbəb olacaq. Bu da öz növbəsində teokratik rejimin mövcudluğunu təhdid altına salacaq.

Əslində, hakimiyyətdə olan mühafizəkarlar arasındakı fikir ayrılığı yeni məsələ deyil. Məhsa Aminin ölümü ilə başlayan aksiyalardan da əvvəl bu narazılıq açıq şəkildə müşahidə edilirdi. Xüsusilə nüvə danışıqlarında Xameneinin tutduğu mövqe, eləcə də İsrailin iranlı alimlərə qarşı apardığı silsilə sui-qəsd əməliyyatları ilə bu narazılıq daha da genişlənirdi. Buna da ən bariz nümunə SEPAH-ın 12 il kəşfiyyat rəisi işləmiş Hüsey Tayebin qəfildən istefaya göndərilərək, Xameneinin oğlu Müctəbaya birbaşa bağlı olan Məhəmməd Kazımi ilə əvəz edilməsidir. Adı çəkilən vəzifənin həddən artıq mühüm əhəmiyyət daşıması, eləcə də Tayebin İran parlamentinin spikeri Məhəmməd Qalibafla çox sıx əlaqələrə sahib olması, mühafizəkarlar arasındakı narazılığın hansı səviyyədə olduğunu göstərə bilər. Doğrudur, Qalibafın İranın teokratik rejimindəki sistemdə həddən artıq nüfuzlu sima olmaması, bu narazılığı açıq toqquşmaya gətirməyin qarşısını ala bilib.

Bununla belə, Məhsa Aminin ölümü ilə başlayan etirazlar elita daxilindəki daha güclü tərəflər arasında narahatlığı da artırıb. Əslində, rejim də xalq arasındakı narazılığın əsas oxlarının məhz onun dayaqlarını hədəf aldığını bilir. Buna görə də Xamenei maksimal şəkildə mühafizəkarlar arasında birliyin təmininə çalışır. Digər tərəfdən isə mövcud rejim inqilabın ilk illərində olduğu kimi kəskin addımlara getməkdən də çəkinir. Buna da səbəb yaranan narazılığın hakimiyyət daxilindəki bölünmələri sürətləndirəcəyidir.

Maraqlı məqam hadisələrin indiki mərhələsində mühafizəkarların daxilində səssizliyini qoruyub saxlayanların sayının yetəri qədər çox olmasıdır. Bunu isə həmin qüvvələrin qeyri-müəyyənlik şəraitində mövqeyini bəlli edərək, uduzan tərəfdə yer almaq istəməməsi ilə əlaqələndirmək doğru olardı. Xüsusilə sistem daxilində kifayət qədər nüfuz sahibi olan Ali Təhlükəsizlik Şurasının rəhbəri Əli Şamxani kimi şəxslərin onlardan gözlənilən mövqeyi ortaya qoymaması Xameneinin də narahatlığını bir qədər artırır. Xameneini qorxudan məhz bu hadisələr fonunda tabeliyindəki sistemin yavaş-yavaş onun nəzarətindən çıxaraq, onun özünə qarşı yönələcəyidir. Onun səhhətində yaranan narahatlıqlar fonunda bu qorxular bir qədər də dərinləşir. Çünki Xameneidən sonra yeni ali dini liderin təyinatı lazımdır ki, onun da kim olacağı teokratik rejimin növbəti illərdəki taleyini müəyyənləşdirəcək. Əsas məsələ isə bu şəxsin Xameneinin özü kimi çox nüfuzlu (iddialara görə, bu şəxs Müctəba Xamenei ola bilər) birinin, yoxsa SEPAH və digər nüfuzlu siyasi elita nümayəndələrinin dəstəkləyəcəyi hansısa marionetin olacağıdır.

Məhz mühafizəkarlar arasında parçalanmanın artmaması üçün İran rəhbərliyi aktiv şəkildə danışıqlara başlayıb. Bu danışıqlar isə həm ali dini lider, həm də rejimin nüfuz itkisinə məruz qalmaması üçün qapalı şəkildə aparılır. Diqqət çəkən məqam Xameneinin oğlu Müctəbanın son bir həftə ərzində hələ də dövlət içində həddən artıq böyük nüfuzu qalan Xomeyni və Rəfsəncani ailələrinin nümayəndələri ilə görüşməsidir. Görünən odur ki, etirazçılara qarşı sərt mövqe nümayiş etdirəcək rejim digər tərəfdən başqa yöndən özünə qarşı hücumun gəlməməsini təmin etmək üçün separatçılıq yaradacaq hər kəsi konsolidasiya etmək istəyir. Xüsusilə Rəfsəncani ailəsinin Xameneiyə qarşı zamanında bir sıra sərt ifadələr işlətməsi, özünü yenidən bu tip davranışlardan, o cümlədən hücumlardan müdafiə etmək üçün müəyyən addımlar ataraq, zəmanət altına almağa vadar edir.

İslahatçıların oyunu: Xatəmi geri dönür

Etirazların alternativ güc olaraq ortaya çıxması mühafizəkarları təkcə öz daxilində yox, həm də uzun illərdir sistemdən təcrid etməyə çalışdığı islahatçılarla da danışıqlara məcbur edir. Xüsusilə son bir neçə həftə ərzində eks-prezident Məhəmməd Xatəmi başda olmaqla bir sıra digər islahatçılarla da görüşlər keçirilib ki, burada onlardan mövcud situasiyadan çıxmaq üçün yardım etmələri istənilib. Maraqlı məqam İranda “mühafizəkar və islahatçılar” deyə bir bölgünün şərti olaraq aparılmasıdır. Əslində, hər iki qruplaşma məhz islam inqilabı nəticəsində meydana çıxıb və mühafizəkarlar qədər islahatçılar da mövcud sistemin qorunmasında maraqlıdırlar. Digər tərəfdən, islahatçılar da yaxşı başa düşürlər ki, mövcud etiraz aksiyaları meydana üçüncü gücün çıxması ehtimalını artırır. Bu isə onlara heç bir halda sərf etmir. Çünki yeni yaranacaq güc sistemi ortadan qaldırmaqla bərabər, onların elektoratını da əlindən alacaq ki, bu da islahatçıların tam məhvi anlamına gəlir.

Başqa bir mühüm məqam isə hakimiyyətdən gələn təklifə həm Xatəminin, həm eks-prezident Həsən Ruhaninin, həm də Mehdi Kərrubinin dolayı yolla razılıq verməklə bundan maksimum şəkildə öz xeyrinə istifadə etməyə çalışmalarıdır. Buna görədir ki, hakimiyyətə müraciət edən Xatəmi hökumətdən xalqı dinləməsini və baş verənlərə hər kəsin sərbəst toplaşmaq haqqı kimi yanaşılmasını tələb edir. Belə bir addıma hökumətin indiki dönəmdə gedəcəyi heç də inandırıcı deyil. Bunu isə Xatəmi çox yaxşı bildiyi üçün hakimiyyətin üzərinə təzyiqlərini artıraraq, islahatçıların sistem daxilindəki dayaqlarını gücləndirməyə cəhd edir. Ən azından onu da nəzərə almaq lazımdır ki, Xameneinin yerinə düşünülən namizədlər sırasında eks-prezident Həsən Ruhaninin də adı səslənir. İslahatçıların mövcud həmlələri həm də buna hazırlıq kimi başa düşülə bilər. Bu baxımdan islahatçılarla danışıqlardan sonra Prezident İbrahim Rəisiyə qarşı hücumlar artması təsadüfi sayılmamalıdır. Xameneinin birbaşa hədəfə almağın mümkünsüzlüyü Rəisini hədəfə çevirir ki, bu da dolayı yolla birinciyə hücum anlamına gəlir.

Lakin islahatçılar da başa düşür ki, mövcud etirazlar əvvəlkilərdən fərqlənir. Üstəlik, hazırkı kütlə təkcə sosial tələblərlə küçələrə axışmadığından onlar birbaşa rejimi hədəf alırlar ki, islahatçılar da onların gözündə sistemin parçası kimi görünür. Buna görə də islahatçılar yaxşı başa düşürlər ki, hətta ediləcək cəhd belə küçəni onların nəzarətinə keçirməyə yardım etməyəcək. Hakimiyyətdə isə belə bir vəziyyətin mövcudluğunu çox yaxşı anlayırlar.

Vətəndaş müharibəsi rəsmən başladılır?

Bununla belə teokratik rejim hər şeydən öncə baş verənlərin etniklər arasında yayılmasına mane olmağa çalışır. Xüsusilə hadisələrin episentrinə məhz kürd şəhərləri çevrilir ki, bu da rejimi qorxudur. Məhz bu səbəbdən Kürdüstan və Qərbi Azərbaycan ostanlarına keçən həftə SEPAH-ın tank briqadaları yeridilib ki, bu da artıq buradakı ərazilərdə baş verənlərin digər güc strukturları ilə yatırmağın mümkün olmadığına işarə ola bilər. SEPAH-ın bölgədə olması etirazçılara qarşı silah tətbiqini də zəruri edir ki, bu da ölüm hallarının kəskin artacağını qaçılmaz hala gətirir. Doğrudur, ölüm hallarının artması gərginliyi bir qədər də yüksəldə bilər, lakin ən maraqlı məqam Tehranın məhz kürd şəhərlərini hədəf seçməsidir. Əslində, kürdlərin mövcud rejim tərəfindən hədəfə alınması ilk hal deyil. Bununla belə əvvəlki ənənəyə güvənən İran rəhbərliyi burada etirazların yatırılmasının inqilab effekti doğurmayacağını da təxmin edir. Üstəlik, kürdlərin İran daxilində böyük proseslərə təkan verən etnik olmaması da bu baxımdan Tehranı rahatladır.

Görünən odur ki, hakimiyyət burada sərt üzünü göstərməklə həm də digər bölgələrə gövdə nümayişi göstərməyə çalışır. Digər tərəfdən isə məhz kürd bölgələri İranın ənənəvi taktikası olan xarici düşmənin tapılması məsələsinə də kömək edə bilər. Bu da növbəti mərhələdə İsrail və ABŞ-nin dayaqlarının çox güclü olduğu İraq Kürd Muxtar Vilayətinin ərazilərinə aktiv hücumların həyata keçirilməsinə şərait yaradar. Üstəlik, İraq Kürd Muxtar Vilayətinin hədəf seçilməsi İrana daha az itki ilə daha çox uğur qazanması imkanı yarada bilər. İraqda İrana bağlı çalışan onlarla militar qrupun olması nəzərə alınarsa, bu, Tehranın vəziyyətini bir qədər də asanlaşdıracaq.

Diqqət çəkən məqam isə kürd bölgəsi ilə yanaşı Bəllucistanda da vəziyyətin yavaş-yavaş nəzarətdən çıxmasıdır. Xüsusilə bəllucların açıq şəkildə Tehrandan sistem dəyişikliyi tələb etməsi vəziyyəti qəlizləşdirir. Bu isə hətta Kürdüstanda hadisələr yatırılacağı təqdirdə digər bölgələrdə də Tehranın oxşar addımlar atmaq zərurətini ortaya çıxaracaq. Nəticədə mövcud rejimə qarşı silahlı dəstələrin yaranması ehtimalı artacaq ki, bu da vətəndaş müharibəsi və ya etnik konfliktlərin yaranma riskini ortaya çıxaracaq.

Ən maraqlı məqam isə baş verənlərin fonunda azərbaycanlıların hələ də təmkinini saxlamasıdır. Bu isə Güneydəki milli hərəkatın hələ də baş verənlərdən özünü maksimal şəkildə qorumaq və resurslarını hədər yerə xərcləməmək istəyi ilə izah edilə bilər. Proseslərin gedişi göstərir ki, İranda baş verəcəklərin taleyini bundan sonra rejimə qarşı açıq savaş elan edəcək üçüncü etnik müəyyən edəcək. Kürdlər və bəlluclardan sonra isə bunun azərbaycanlılar olması ehtimalı hələlik çox olaraq qalır. Azərbaycanlıların prosesə qoşulması rejimin ən son arzulayacağı məqamdır. Etniklərlə, xüsusilə azərbaycanlılarla yaşanacaq istənilən toqquşma elitanın daxilindəki güc balansı ilə yanaşı, hərbi elitadakı parçalanmanı maksimal şəkildə sürətləndirə bilər. Bu isə öncəliklə ordunun dağılması, daha sonra isə SEPAH-ın parçalanması ehtimallarını gündəmə gətirəcək. Üstəlik, yaranacaq vətəndaş müharibəsinin təkcə etniklərlə SEPAH-ı yox, həm də ordu ilə SEPAH-ı da qarşı-qarşıya qoymaq ehtimalları artacaq.

Beləliklə İranda ən kritik dönəmə start verilir. Bu dönəmdən mövcud rejimin hansı həmlələri edərək çıxacağı isə hələlik sual olaraq qalır.

İlkin Həsənov
Xüsusi olaraq Globalinfo.az üçün