İranda növbədənkənar prezident seçkiləri kampaniyası başlayır

İranda növbədənkənar prezident seçkiləri kampaniyası mayın 30-dən başlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vahidi elan edib.

O, bütün siyasi partiyaların, nüfuzlu şəxslərin iştirakı ilə seçki qaydalarına əməl edilməsinin şahidi olacaqlarını bildirib: “Biz hər kəsi bu mərhələyə dəvət edirik. İslam əxlaqına əsaslanan yaxşı və sağlam seçki meyarlarının şahidi olacağımıza ümid edirik”.

İran qanunlarına əsasən, seçki kampaniyasının birinci mərhərləsində iddiaçılar sənədlərini Seçki Qərargahına təqdim edir. Daxili İşlər Nazirliyi və Nəzarət Şurası prezidentliyə namizədliyə namizədlərin sənədlərini araşdırdıqdan sonra onların təbliğat kampaniyası başlayır. Birinci mərhələ mayın 30-dan iyunun 2-dək davam edəcək. İyunun 12-dən 27-dək təbliğat kampaniyası aparılacaq. İyunun 28-də isə seçki günüdür.

Qeyd edək ki, mayın 19-da İran ərazisində helikopterin qəzaya uğraması nəticəsində Prezident İbrahim Rəisi və onun müşayiət edən şəxslər həlak olub. İslam Respublikası Konstitusiyasının 131-ci və 132-ci maddələrinə uyğun olaraq belə hallarda prezident seçkisi 50 gün ərzində keçirilməlidir. İyunun 28-də də 50 gün tamam olur.