ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlaması Yaxın Şərqdə narahatlıq doğurub. Tramp ictimaiyyətə İranın nüvə obyektlərinin bir qisminin iyundakı hava hücumlarında məhv edildiyini xatırladıb.
Ağ Ev rəhbəri bu hücumların Tehrandakı nüvə obyeklərini tamamilə məhv etmədiyini bildirib. Trampın, “Lazım gələrsə, yenə edərik”, – sözləri İrana yeni hücum ehtimalları ilə bağlı suallar doğurub.
İsrail və ABŞ İrana yeni aviazərbələr planlayır? İlk hücuma Təl-Əvivin davamlı israrı ilə qoşulan Vaşinqton, bu dəfəkini özü başlada bilərmi?
Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, İranla ABŞ və ya İsrail arasında atəşkəsə dair heç bir sənəd imzalanmayıb:
“İran qarşı tərəfin şərtlərinə və tələblərinə əməl edir. İsrail və ABŞ-ın əsas tələbi İranın nüvə proqramını sıfırlamaq, uranın zənginləşdirilməsini dayandırmaqdır. Tehran hakimiyyəti isə müxtəlif rəsmilər vasitəsilə bu istiqamətdə fəaliyyətlərini davam etdirdiklərini bildirir. Doğrudur, İranın xarici işlər naziri Abbas Araqçi iyunun 22-də ABŞ-ın İranın nüvə obyektlərini bombalaması nəticəsində müəssisələrin ciddi zərər gördüyünü etiraf edib. Həmçinin bildirib ki, əməliyyatlardan sonra uranın zənginləşdirilməsi istiqamətində fəaliyyət göstərmirlər. Bununla belə, nazir İranın uranın zənginləşdirilməsi siyasətindən əl çəkməyəcəyini, bunun onların milli sərvəti olduğunu vurğulayır.
Tehrana qarşı əməliyyatların və sanksiyaların davam etməsi istisna deyil. İyulun 22-də Çin, Rusiya və İran nümayəndələri Tehranın nüvə sazişini müzakirə edəcəklər. Həmin ayın 25-də isə İstanbulda Böyük Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri iranlı həmkarı ilə nüvə sazişi məsələsini müzakirə edəcəklər”.

Sədrəddin Soltan
Politoloq bildirib ki, iyulun 22-də baş tutacaq görüş 25-dəki görüşə hazırlıq xarakteri daşıyır:
“12 günlük müharibənin nəticələrindən dərs çıxaran İran hakimiyyəti yeni hücumun baş verməməsi üçün müxtəlif diplomatik kanallardan istifadə edir. Rusiya və Çin həmin münaqişə dövründə İranı diplomatik səviyyədə dəstəklədi, həmçinin atəşkəsin əldə olunmasında müəyyən rol oynadılar.
Rusiya və Çin bəyan etdilər ki, Tehrandakı hakimiyyət problemlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. İran əvvəlki hadisələrdən nəticə çıxararaq bu cür problemlə qarşılaşmaq istəmir. Ona görə də adı çəkilən ölkələrin mövqeyini öyrəndikdən sonra Avropa üçlüyü ilə danışıqlara başlayacaq. Bu, həm də perspektivdə ABŞ-la danışıqlara yol aça bilər və İrana hücum riskini azaldar.
Donald Trampın açıqlaması İran hakimiyyətinin özündən razılıq və ya ictimai rəy üçün verilmiş açıqlamanın cavabı kimi qiymətləndirilə bilər. Əgər nüvə obyektlərinin dağıdıldığı elan edilsə və nüvə proqramının artıq fəaliyyət göstərmədiyi diqqətə çatdırılsaydı, bəlkə də ABŞ bu qədər qəzəblənməzdi”.
Safura Bənnayeva
Globalinfo.az