Analitiklərin fikrincə, İranda texnokratik fiqurların ölümü və siyasi səhnədən uzaqlaşması ölkəni tədricən hərbi idarəetməyə doğru apara bilər. Hesab olunur ki, İran hər dəfə belə sərt mövqeyə keçdikdə, böyük sosial iğtişaşlar baş qaldırıb. Məsələn, keçmiş prezident Mahmud Əhmədinejad dövrünün siyasəti “Yaşıl Hərəkat”ı tətiklədi. SEPAH generalı Qasım Süleymaninin ölümündən sonra başlayan və keçmiş prezident İbrahim Rəisi dövrünün simvolu olan sərt yanaşma Məhsa Əmini etirazlarını alovlandırdı.
Hazırkı müharibədən sonra İranda nə baş verə bilər? Burada Əfqanıstan ssenarisi mümkündürmü? ABŞ Əfqanıstanı Talibana təslim edərək iflic hala saldığı kimi, İranda da hərbiləşdirilmiş rejimin hakimiyyətə gəlməsinə şərait yaradır?
Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, İranda “texnokratik fiqurlar” dedikdə adətən daha praqmatik, iqtisadi idarəetməyə fokuslanan, eyni zamanda Qərblə məhdud da olsa dialoqa açıq şəxslər nəzərdə tutulur:
“Bu xəttin zəifləməsi o deməkdir ki, SEPAH və təhlükəsizlik elitası daha çox güc qazana bilər. Eyni zamanda Qərblə kompromis imkanları azalmış olacaq, daxili siyasətdə sərtliyin artması, yəni Qərbin ictimaiyyətə təsirlərinin qarşısının alınması kimi hallar meydana gələcək. Fikrimcə, bu, bir qədər klassik hərbiləşməyə doğru meyldir, amma tam olaraq hərbi xunta modeli deyil.
Əhmədinejadın dövründə “Yaşıl Hərəkat”ın baş verməsi və Süleymaninin ölümündən sonra ölkə daxilində idarə rejiminin sərtləşməsi kimi hadisələr nəticəsində sosial partlayış riski qaçılmaz hala gəlir. Amma nəzərə almaq lazımdır ki, bu partlayışlar indiyədək sistemi yıxmayıb. Əksinə, sadəcə onu yenidən balanslaşdırıb. İrandakı sistem ümumiyyətlə elə bir ideoloji qüvvə üzərində qurulub ki, onu dağıtmaq olduqca müşkül məsələdir.
Bu gün ABŞ və İsrail reallığın fərqindədir, sadəcə SEPAH və təhlükəsizlik blokunu çökdürmək məqsədilə müharibəni uzadırlar. İran yalnız tədricən zəifləyərək parçalana və ya rejimdən xilas ola bilər. Bəllidir ki, müharibə iqtisadiyyata zərbə vurur, bu da liderlik və koordinasiyanı paralel olaraq zəifləməyə doğru aparır. Hətta fikrimcə, qarşıdurma uzun müddət davam edəcəyi təqdirdə mərkəzi hakimiyyət daxilində fikir ayrılığı meydana gələ və İran “səssiz çevriliş” tipli transformasiyaya uğraya bilər. Bu halda sistemin sadəcə xaotik şəkildə dəyişməsi mümkündür”.

Elnur Ənvəroğlu
Siyasi şərhçi bildirib ki, İranda Əfqanıstan ssenarisinin təkrarlanması ehtimalı zəif görünür:
“Əfqanıstanda, yəni Taliban daxilində İrandakı qədər savadlı və taktiki şəxslər mövcud olmayıb. Taliban ordusu 90-cı illərdə 15 yaşlı yeniyetmələrdən təşkil olunub və onların bəziləri adlarını yazmağı belə bacarmayıb. Talibanın bu gün də diplomatik bilgisizliyi onun üçün ciddi problemlər yaratmaqdadır, baxmayaraq ki, dövlət onların öhdəsinə tərk edilib. İranda isə fundamental bilik və təhsil sistemi mövcuddur. Təhsil və elm gücün mərkəzində dayanan əsas faktordur.
Bir də əlavə olaraq tarixi bir məqamı diqqətə çatdırım ki, İran, yəni fars ideologiyası, 4000 ildən çox tarixə dayanır. Bu ideologiyanı dağıtmaq, xüsusilə də xarici təsirlərin əli ilə, olduqca çətin bir öhdəlikdir. Adicə XI əsrin ən tanınmış ideoloji liderlərindən olan Həsən Sabbahın “batini” təriqət inancını götürsək, İranın nə qədər möhkəm bir sistemə dayandığını açıq-aydın görə bilərik.
İran 1980-ci illərdə İnqilab Keşikçilərinin fəaliyyətindən narazı idi. Hətta ölkə daxilində İraqa gizli xidmət edən casuslar da vardı. Səddam yazır ki, bir gün sərhəd yaxınlığında bir gölməçədəki adanı mühasirəyə aldıq və oranın suyunu qurudaraq həmin adanı oda verdik, nəticədə İran ərazilərinə daxil olduq. Amma xalq İraq ordusunu öz torpaqlarında görəndə, birdən psixoloji olaraq bütövləşərək İran hakimiyyəti ətrafında sıx birləşdi. 1989-cu ildə təsadüfi deyil ki, onların ali dini lideri Əli Xameneyi hakimiyyətə gətirildi.
Yəni sözüm budur ki, İranda xalq hər nə qədər hakimiyyəti sevməsə də, ABŞ və İsrail qüvvələrini öz torpaqlarında görəcəkləri halda yumruq kimi birləşəcəklər. Bu, onların fundamentallaşmış ideoloji inanclarıdır. Məhz buna görə imperialist qüvvələr millətlərin inanclarını, ideologiyalarını və təhsilini birinci növbədə məhv etməyə çalışır”.
Turan Rzayev
Globalinfo.az