İran Qarabağda Səudiyyə Ərəbistanı ilə toqquşa bilər – Tanınmış politoloqdan SOS

“Səudiyyə Ərəbistanı Krallığının İnvestisiya Naziri, Azərbaycan Respublikası- Səudiyyə Krallığı Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləzis Əl-Falihin başçılıq etdiyi nümayəndə heyətinin Respublikamıza səfəri və onun Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi diqqətəlayiq haldır və bu, Azərbaycanın dövlətlərarası münasibətlərinin inkişaf etdirilməsində önəmli səhifəni təşkil edəcək”.

Bu sözləri politoloq Əlimusa İbrahimov Globalinfo.az-a bildirib.

O qeyd edib ki, bu faktın özü respublikamızın beynəlxalq əlaqələrinin region dövlətləri, Avropa və Amerika ölkələri ilə məhdudlaşmadığının əyani sübutudur:

“Yaxın və Orta Şərqin böyük dövləti və İslam dünyasının beşiyi olan Səudiyyə Ərəbistanı Krallığının (SƏK) Azərbaycanla münasibətləri həmişə yüksək səviyyədə olub, Krallıq bütün beynəlxalq tədbirlərdə Azərbaycanın ermənilərə qarşı haqq işini dəstəkləyib. Hətta Səudiyyə Ərəbistanı Krallığının Ermənistanla diplomatik münasibətlərinin mövcud olmamasını işğal olunmuş Azərbaycan torpaqları faktoru ilə əlaqələndirirlər”.

Ekspertin fikrincə, Azərbaycana gələn nümayəndə heyətinin Zəngilana səfər etməsi iki ölkə arasında münasibətlərin perspektivindən xəbər verir:

“Heç şübhəsiz, yaxın vaxtlarda bu ölkənin iş adamları və şirkətlərinin işğaldan azad olunmuş torpaqlarımızda geniş şəkildə təmsil olunmasının şahidi olacağıq. Təbii ki, Səudiyyə Ərəbistanının tikinti şirkətlərini işğaldan azad edilmiş ərazilərdə görmək İranın ürəyincə olmayacaq. Hətta bu əməkdaşlığa mane olmağa çalışacaq. Amma Azərbaycan öz xarici siyasətində müstəqildir və bu barədə heç bir dövlətlə məsləhətləşmir. İran Azərbaycanla münasibətlərində olduğu kimi Səudiyyə Ərəbistanı ilə də qonşuluq, İslam dini və beynəlxalq hüquq normalarını deyil, öz şovinist və işğalçılıq təfəkkürünü əsas götürür. Elə buna görə də həm qonşu dövlətlər, həm də beynəlxalq münasibətlərdə bərabərhüquqlu əlaqələri üstün tutan digər dövlətlər İranın apardığı siyasətdən narazıdır. Deməli, İran ona qarşı mövcud və ya yaranmaqda olan müxalif dövlətlə birliyinin günahını məhz özündə görməlidir. Firdovsinin dastanlarındakı təfəkkür tərzindən qurtulmağın zamanıdır”.

Ə.İbrahimov qeyd edib ki, ərəb dünyasının aparıcı ölkəsi olan SƏK-nın Azərbaycanla münasibətlərinin daha da inkişaf etdirilməsi bu günün sabaha istiqamətlənən tələblərindən irəli gəlir:

“Krallıq Azərbaycan timsalında Cənubi Qafqazda ciddi, sürətlə inkişaf edən, regionun aparıcı dövləti olan bir partnyor tapması ilə razıdır və bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə çalışır. Azərbaycan bu zəngin dövlət üçün Rusiya, Ukrayna, Orta Asiya respublikalarında fəaliyyət göstərmək üçün də dayaq nöqtəsi rolunu oynaya bilər.

Azərbaycan –Səudiyyə Ərəbistanı münasibətləri respublikamızla digər ərəb ölkələri arasında münasibətlərin inkişaf etdirilməsi ilə nəticələnəcək. Bu da öz növbəsində beynəlxalq aləmdə nüfuzumuzun daha da möhkəmlənməsi deməkdir”.

Gülnar Səlimova
Globalinfo.az