İran-Ermənistan sərhədində kritik görüş: Rəisi Paşinyandan nə istəyəcək?

Yaxın günlərdə İran prezidenti ilə Ermənistanın baş naziri arasında iki ölkə sərhədində görüşün keçiriləcəyinə dair məlumatlar yayılıb. Görüşün aprelin 5-i Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında aparılan danışıqlardan dərhal sonra baş tutmasının planlaşdırıldığı, lakin İsraillə İran arasında yaşanan gərginlik səbəbi ilə təxirə salındığı bildirilir. Məlumata görə, Rəisi yenidən Paşinyana görüşün baş tutması üçün zəng edib.

İrəvanın Qərblə son yaxınlaşmaları fonunda İran, nəhayət, səssizliyini pozur deyə bilərikmi? İran prezidenti Paşinyanla görüşdə hansı məsələlərə diqqət çəkə bilər? Ermənistanı “qırmızı xətt”i adlandıran İranın demarkasiya prosesi və kəndlərin təhvil verilməsinə münasibəti necə olacaq?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əhəd Məmmədli deyib ki, vəziyyət Ermənistanda İran-Qərb qarşıdurması kimi qiymətləndirilməməlidir:

“İranın Fransa ilə çox yaxşı münasibətləri var. Hətta Ermənistanda iki ölkə səfirlərinin görüşü olmuşdu. Fransa NATO-nun üzvüdür. İran isə ABŞ-ın görünən əsas düşmənlərindən biri hesab olunur. Maraqlıdır ki, ABŞ-ın yaxın müttəfiqi olan ölkənin səfiri, ona düşmən olan ölkənin səfiri ilə görüşür, buradan isti mesajlar verilir. İran hazırda Ermənistanın bir nömrəli təhlükəsizlik təminatçısıdır. Zəngəzur dəhlizi məsələsində əsas mane yaradan tərəflərdən biri İran idi”.

Politoloq bildirib ki, İran Rusiyanın Ermənistandan çıxarılmasına ancaq bir halda razı ola bilər:

“Hesab edirəm ki, İbrahim Rəisi görüş zamanı Nikol Paşinyandan İranın Ermənistandakı maraqlarının daim təmin olunması üçün vədlər alacaq. Əgər Qərbin Rusiyanı Ermənistandan çıxarması situsiyadan asılı olaraq Tehranın maraqlarına uyğun gələrsə, İran bunun əleyhinə olmayacaq. Tehranın Moskva ilə münasibətlərinin yaxın olmasına baxmayaraq, İran üçün öz maraqlarının təmin olunması daha vacibdir. Tehran Ermənistanda maraqlarının təmin olunacağı təqdirdə, Qərbin burada mövcudluğuna göz yuma bilər”.

“Bu məsələdə Azərbaycanla Rusiyanın maraqları üst-üstə düşür. Yeni bir vəziyyət yaranır. Hətta burada Türkiyənin də Rusiya ilə maraqları uzlaşır. Türkiyə NATO üzvüdür. Qərb NATO timsalında Ermənistana gəlir və buradan Rusiyanı çıxarır. Belə bir məqam guya NATO ilə düşmən sayılan  İrandan fərqli olaraq, Türkiyənin maraqlarına daha az cavab verir. Ona görə də vəziyyətə fərqli, daha dərin yanaşmaq lazımdır”, – politoloq bildirib.

Ayşən Mustafa
Globalinfo.az