ABŞ-ın İslam Respublikası ərazisinə endirdiyi zərbələr BMT nizamnaməsini və Tehranla Vaşinqton arasında münaqişənin həlli barədə əldə edilən razılaşmaları pozub.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“İslam Respublikasının Xarici İşlər Nazirliyi bazar günü səhər saatlarında ABŞ Ordusu tərəfindən həyata keçirilən hava hücumlarını qətiyyətlə pisləyir. Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, eləcə də müharibənin dayandırılması haqqında Anlaşma Memorandumunun 1-ci maddəsinin açıq şəkildə pozulması olan bu şiddətli hücumlar ABŞ rejiminin öz öhdəliklərinə heç bir əhəmiyyət vermədiyini göstərir”, – bəyanatda bildirilir.
Qurum respublikanın dövlətlərin özünümüdafiə hüququnu təsbit edən BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, iyunin 28-də ABŞ Hərbi Hava Qüvvələri (HHQ) İranda yerləşən hərbi obyektlərə növbəti hava zərbələri endirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində yazıb ki, əməliyyat İranın kommersiya gəmiçiliyinə qarşı həyata keçirdiyi hücumlara cavab xarakteri daşıyıb.
Məlumata əsasən, ABŞ hərbi aviasiyası İranın hərbi kəşfiyyat infrastrukturu, rabitə sistemləri, hava hücumundan müdafiə (HHM) mövqeləri, pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar və mina yerləşdirmə imkanlarını hədəfə alıb.