İran ABŞ-la toqquşmaya doğru: Xamenei Pentaqonu hədələdi – Cavab nə olacaq?

İranın ali dini lideri Əli Xamenei İraq Prezidenti Əbdül Lətif Rəşidlə Tehranda görüşü zamanı deyib ki, ABŞ-ın İraqda olması qəbuledilməzdir. Nəzərə alsaq ki, rəsmi Bağdad uzun illərdir ABŞ-İran mübarizəsinin poliqonuna çevrilib, bu, çox ciddi açıqlamadır. Görünür Tehran Vaşinqton İraqdan çıxarmaq niyyətindədir.

Bu, Yaxın Şərqdə ABŞ-İran qarşıdurmasının anonsu hesab edilə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, qlobal güclərin İraq poliqonunda kimin qalib gəldiyi ilə bağlı vacib suala işıq salmaq çətindir:

“Məsələnin ABŞ-İran mübarizəsi kontekstindəki şərhinə gəlincə, hesab edirəm ki, İran İraqda geniş təsir şəbəkəsi qurmağı bacarıb. İran İraqın siyasi sisteminə və iqtisadiyyatına imtiyazlı çıxışlar əldə edərək ABŞ-ın oyunçuluq potensialını zəiflədib.

İran İraqın şimalındakı kürdlər yaşayan bölgələrdə neft müqavilələri və cənubda suyun təmizlənməsi üzrə layihələr həyata keçirir. Bu, İranın İraqda biznes və təhlükəsizlik maraqlarını möhkəmləndirmək üçün “sənədləşmə işidir”.

Aqşin Kərimov

ABŞ-ın İraqdakı fəaliyyətinin zəifləməsi onun Yaxın Şərqdə təsir imkanlarında yaranan çətinliklərlə birbaşa əlaqəlidir. Ancaq bütün bunlar o demək deyil ki, ABŞ İranın Yaxın Şərqdəki kəşfiyyat fəaliyyəti barədə ölçülər götürmür. Əksinə, ABŞ bu məsələdə İsraillə birlikdə hərəkət edir, digər yandan isə NATO üzvü və İraqda maraqları olan Türkiyə ilə əlaqələrini koordinasiya edir.

Çünki İranın Yaxın Şərq üzrə yüksəlişi ABŞ-Türkiyə-İsrail üçbucağı üçün narahatedici məqamdır. İranın əhatəsi təsir imkanı qazanması ehtimalı onun proksi qüvvələri bəsləyib regionda oxları döndərə və bunun uclarını fərqli coğrafiyalara daşıya bilər”.

Turan Rzayev
Globalinfo.az