İngilislər açıq oyuna keçir – “Erməni qalxanı”nın pərdəarxası

Böyük Britaniyanın son zamanlar Cənubi Qafqazla yaxından maraqlanması diqqət çəkir. Bəzi iddialara görə, London Kremlin başının Ukrayna müharibəsinə qarışmasından istifadə etməyə çalışır. Xüsusilə Ermənistanı Rusiyanın qəzəbindən qoruyacağına dair verdiyi mesajlar bəzi suallar yaradır.

Böyük Britaniyanın Cənubi Qafqazdakı proseslərə qoşulması, Ermənistanı Rusiya aqressiyasından qoruyacağı haqda bəyanatları nədən xəbər verir? Bu, Cənubi Qafqaza, Ermənistan-Azərbaycan münasibətlərinə nə kimi təsir edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Böyük Britaniya mahiyyət etibarilə heç vaxt Cənubi Qafqazdakı proseslərdən kənarda qalmayıb:

“Sadəcə fəallığın görünən tərəfinin hadisələrin gedişatına uyğun olaraq qabarıq və sezilməyən vaxtları olub. Hazırda Britaniya tərəfindən səslənən “Ermənistanın Rusiyanın aqressiyasından qorunacağı” barədə bəyanatlar, ümumi prosesin Qərb-Rusiya qarşıdurmasının tərkib hissəsi kimi də dəyərləndirilə bilər.

Qənaətimə görə, bu qəbildən olan bəyanatların Böyük Britaniya müdafiə nazirinin müavini səviyyəsində verildiyini nəzərə almaq lazımdır. Şübhəsiz ki, London Ermənistanın KTMT-ni tərk etməsində, Avro-Atlantik məkana inteqrasiya olunmasında maraqlıdır.

Məsələ bu qəbildən olan bəyanat və istəklərdə deyil, onların reallaşdırılmasının mümkünlüyündədir. Başqa bir məqama da diqqət yetirmək lazımdır: Hazırda Ermənistanın Fransa ilə sıx əməkdaşlığı, Parisin Cənubi Qafqaza aktiv müdaxilə cəhdləri, şübhəsiz ki, Londonu narahat edir. Bu xüsusda Böyük Britaniya müdafiə nazirinin müavininin açıqlamasının London-Paris rəqabəti kontekstindən dəyərləndirilməsini daha doğru hesab edirəm”.

Turan Rzayev
Globalinfo.az