Pentaqon rəhbəri Pit Heqset ABŞ-ın Kuba Prezidenti Migel Dias-Kanelə qarşı mümkün addımları nəzərdən keçirdiyini bildirib.
Onun sözlərinə görə, bu mövzuda yekun qərarı Prezident Donald Tramp verəcək. Heqset Kuba ilə bağlı bir neçə variantın masada olduğunu və müzakirə edildiyini söyləyib.
Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, son illərdə beynəlxalq siyasətdə ABŞ-ın rolu ətrafında müzakirələr və tənqidlər əhəmiyyətli dərəcədə artıb:
“ABŞ uzun illərdir müxtəlif regionlarda həyata keçirdiyi xarici siyasət addımları ilə bağlı həm dəstək, həm də tənqidlərlə üzləşir. İraq, Liviya, Əfqanıstan, eləcə də Latın Amerikası ölkələrində baş verən proseslər Vaşinqtonun beynəlxalq siyasətdəki roluna dair fərqli yanaşmalar formalaşdırıb.
Bir sıra ölkələrdə baş verən siyasi proseslər, İraqdan Liviyaya, Misirdən Tunisə qədər uzanan hadisələr ABŞ-ın xarici siyasət kursu ilə bağlı müxtəlif qiymətləndirmələrin meydana çıxmasına səbəb olub. Vaşinqton bəzi regionlarda demokratiya və insan haqları məsələlərini ön plana çıxardığını bildirsə də, tənqidçilər bir sıra hallarda nəticələrin həmin prinsiplərlə ziddiyyət təşkil etdiyini düşünür. Bu baxışa əsasən, müəyyən rejim dəyişiklikləri və daxili siyasi gərginliklər xarici müdaxilələrin təsiri ilə baş verib.

Cavanşir Abbaslı
Beynəlxalq münasibətlərdə güc balansı çox zaman böyük dövlətlərin maraqları əsasında formalaşır. Bu isə “demokratiya ixracı” anlayışı ilə bağlı suallar yaradır. ABŞ-ın Latın Amerikası siyasəti, xüsusilə Kuba və Venesuela ilə münasibətləri də bu kontekstdə geniş müzakirə olunur.
Belə prosesləri yalnız bir ölkənin iradəsi ilə izah etmək doğru deyil. Hər bir hadisənin daxili siyasi, iqtisadi və sosial səbəbləri də nəzərə alınmalıdır. Beynəlxalq hüquq və dövlət suverenliyi prinsipləri çərçivəsində aparılan qiymətləndirmələr daha obyektiv nəticələr əldə etməyə imkan verir.
Nəticə etibarilə, böyük güclərin qlobal siyasətdəki rolu bundan sonra da mübahisə mövzusu olaraq qalacaq. O baxımdan beynəlxalq münasibətlərdə sabitlik, qarşılıqlı hörmət və beynəlxalq hüquqa riayət bütün tərəflər üçün əsas çağırışlardan biridir”.
Qeyd edək ki, ABŞ-ın Venesuelanın keçmiş prezidenti Nikolas Maduya qarşı keçirdiyi əməliyyatdan sonra növbəti hədəfin Kuba olacağı açıqlanmışdı.
Turan Rzayev
Globalinfo.az